Qərbi Azərbaycan İcmasında mini-futbol turniri və bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib
Mayın 8-də Qərbi Azərbaycan İcmasında İcmanın Xəzər rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilmiş mini-futbol turniri və bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Sirac Axundov, Xəzər rayonu üzrə iştirakçı məktəblərin rəhbərləri, idmançılar və icma nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli qonaqları salamlayaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan milli dövlətçilik ideyaları bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ideyası milli yaddaşın, tarixi ədalətin və azərbaycançılıq məfkurəsinin mühüm tərkib hissəsidir.
Elşən Qurbanov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Xəzər rayonunda silsilə tədbirlər keçirilir və İcmanın Xəzər rayon nümayəndəliyinin təşkil etdiyi bu tədbir də həmin layihələrin tərkib hissəsidir. O vurğulayıb ki, Xəzər Rayon İcra Hakimiyyəti Qərbi Azərbaycan məsələsinin təbliği istiqamətində həyata keçirilən tədbirlərə daim həssaslıqla yanaşır və gələcəkdə də bu fəaliyyətə dəstəyini davam etdirəcək.
Daha sonra yarışların qaliblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mini-futbol yarışında fərqlənən komandalar və iştirakçılar xüsusi mükafatlarla təltif ediliblər. Bilik yarışmasının qalibləri də təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.






