Şriftin ölçüsü :

Saytın rəngi :

Qala Qoruğunda Azərbaycanın ən böyük açıq hava ailəvi əyləncə mərkəzi açıldı

18 iyul 2026 | 12:00

     “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində ölkənin ən böyük və rəngarəng açıq hava ailəvi istirahət məkanlarından biri olan "BİMLAND" Uşaq Əyləncə Mərkəzinin açılışı baş tutub.

      Açılış tədbiri ilk növbədə Qala qoruğu və qəsəbəsinin sakinləri, xüsusən də uşaqlar üçün əsl bayram ab-havasında keçib. Yerli sakinlərin böyük maraq və sevinc hissi ilə qatıldığı tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclisin deputatları Hicran Hüseynova, Günay Əfəndiyeva, Soltan Məmmədov və digər rəsmilər iştirak ediblər. 

     Tədbirdə açılış nitqi ilə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Qala Qoruğunda istifadəyə verilən bu əyləncə mərkəzinin tarixi məkanın inkişafı və canlanması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tarixi-mədəni irsin qorunması və insanların bu məkanlarda müasir, rahat istirahət imkanları ilə təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olan bu layihə Qalanın həm sakinlər, həm də yerli və xarici ziyarətçilər üçün daha cəlbedici məkana çevrilməsinə xidmət edəcək”,- deyə Rüfət Mahmud əlavə edib.

      Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Bu layihə yalnız Qala qəsəbəsi üçün deyil, bütövlükdə Bakı və ölkəmizə gələn qonaqlar üçün də yeni cazibə məkanı formalaşdırır. Tarixi irslə müasir istirahət imkanlarını bir araya gətirən bu əyləncə mərkəzi Qalanın turizm potensialını daha da artıracaq, ərazinin sosial-iqtisadi inkişafına və ziyarətçi axınının genişlənməsinə mühüm töhfə verəcək.”,- deyə qeyd edib.

      7 min kvadratmetr sahəni əhatə edən bu nəhəng məkanda hər yaşa uyğun əyləncə tapmaq mümkündür. Balacalar üçün fərqli oyun zonaları və 26 ədəd rəngli şişirtmə batut, böyüklər və macərasevərlər üçün isə həyəcan dolu "Viking" və "Bizon" kimi mexaniki attraksionlar fəaliyyət göstərir. Mərkəzin ən böyük sürprizi isə burada tətbiq olunan "hər şey daxil" konsepsiyalı limitsiz əyləncə sistemidir; belə ki, ziyarətçilər cəmi bir giriş bileti əldə etməklə gün ərzində parkdakı bütün attraksionlardan tamamilə limitsiz və sərbəst istifadə edə bilirlər. Valideynlərin də rahat dincəlməsi və xoş vaxt keçirməsi üçün ərazidə müasir kafe və restoran xidməti də təşkil olunub.

     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə açılan "BİMLAND" layihəsi ölkəmizdə böyük maraqla qarşılanan Bakı İllüziya Muzeyinin uğurlu fəaliyyətinin yeni və daha genişmiqyaslı bir mərhələsidir. Muzeydəki intellektual əyləncə təcrübəsi burada geniş açıq havada fiziki aktivlik və ailəvi istirahətlə birləşir. Qala sakinlərinə və qəsəbə uşaqlarına böyük sevinc bəxş edən bu yeni mərkəz həm qoruğun turizm potensialını daha da canlandıracaq, həm də açıq havada təhlükəsiz, əlçatan və xoşbəxt anlar vəd edən bir nömrəli ailəvi ünvan olacaq.

Keçidlər