Şriftin ölçüsü :

Saytın rəngi :

Çin Xalq Respublikasının Quancou şəhərinin nümayəndə heyətinin Xəzər rayonuna səfəri baş tutub

25 may 2026 | 15:14

17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Quancou Şəhər Xalq Nümayəndələri Məclisinin üzvlərindən ibarət nümayəndə heyətinin Xəzər rayonuna səfəri baş tutub.

Səfər çərçivəsində Zirə Mədəniyyət Mərkəzi – Eko Parkda işgüzar görüş keçirilib. Görüşdən öncə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilərək xatirəsi yad edilib.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gerçəkləşdirilən Dövlət Proqramları, həyata keçirilən iqtisadi islahatlar, aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri haqqında geniş məlumat verilib, Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhərinin Nanşa rayonu arasında perspektiv əməkdaşlıq imkanları müzakirə edilib və Azərbaycanın milli mədəniyyətini və qədim tarixini əks etdirən hədiyyə və suvenirlər təqdim edilib.

Səfər proqramına uyğun olaraq nümayəndə heyətinin, rayonda fəaliyyət göstərən Azərbaycan Milli Aviasiya Akademiyasına, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Abşeron Olive Garden” MMC-yə və “Azərsun Holdinq” Şirkətlər Qrupuna məxsus “Xəyal Adası”na ziyarəti təşkil olunub.

Məlumat üçün bildiririk ki, Xəzər rayonu ilə Çin Xalq Respublikasının Quancou şəhərinin Nanşa rayonu arasında 28 sentyabr 2021-ci il tarixində imzalanmış “Əməkdaşlığın gücləndirilməsi barədə Anlaşma Memorandumu”na əsasən tərəflər arasında bundan əvvəl də səfərlər təşkil edilib, nümayəndə heyətlərinin mütəmadi olaraq qarşılıqlı ziyarətləri həyata keçirilib.

Keçidlər