Buzovna qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib
26 iyul 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirilib.
Buzovna qəsəbəsi 26 saylı orta məktəbdə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Buzovna bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Elşən Salahov ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, Xəzər rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verərək, sakinləri fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşdən sonra rayon rəhbərliyi xidmət sahələrinin rəhbərləri ilə birlikdə qəsəbə ərazisində müxtəlif yerlərə baxış keçirib, görüş zamanı qaldırılan məsələlərlə yerində tanış olub və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.