Bu gün Vətən müharibəsinin iştirakçısı Yusifzadə Ramil Adəm oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
1998-ci ilin 22 may tarixində Bakı şəhərində anadan olub. 2015-ci ildə Bakının Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəmov adına 3 saylı gimnaziyanı bitirmiş həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə daxil olub.
2019-cu ildə akademiyadan məzun olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin, yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin, sonda qarşı tərəfin atdığı artilleriya mərmisinin dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün şəhid olmuşdur. Nəşindən qalan bir ayaq ailəsinə təhvil verilmiş və torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.
Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.