Bu gün Vətən müharibəsinin iştirakçısı Yaqubzadə Yaqub Eldəniz oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
Şəhid Yaqubzadə Yaqub Eldəniz oğlu 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. 2005-2016-cı illərdə Xəzər rayonunda 92 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Tbilisi şəhərində Gürcüstan-Avropa Universitetində "Kompüter mühəndisliyi" üzrə ali təhsil alıb. 21 yaşlı Yaqub Eldəniz oğlu Yaqubzadə döyüşlər başlayanda hərbi xidmətdə vətən borcunu yerinə yetirirmiş. Çoxdandır arzuladığı məqam yetişmişdi. 28 ildir ailəsinin Vətən həsrətini sona yetirmək, heç vaxt görmədiyi Laçına, evinə qovuşmaq arzusu ilə döyüşlərə yollanmışdı. Bu gün onun vətəni olan Laçın azaddır. Həmin torpaqlarda şanlı Azərbaycan bayrağı dalğalanır. Yaqub kimi igid, cəsur Vətən oğulları sayəsində.
O, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. İyul-sentyabr aylarında Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib, sentyabr ayından isə Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə topçu olaraq xidmət göstərib.
Yaqub Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Şəhidimiz Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub.