Bu gün Vətən müharibəsinin iştirakçısı Quluzadə Qurbanəli Elşad oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
Şəhid Quluzadə Qurbanəli Elşad oğlu 2001-ci il iyunun 25-də Xəzər rayonunun Binə qəsəbəsində dünyaya göz açıb. Quliyevlər ailəsinin 3 övladının ən böyüyü olan Qurbanəli 2008-ci ildən 2019-cu ilə kimi Binə qəsəbəsindəki 136 və 121 saylı tam orta məktəblərdə təhsil alıb.
Yunan-Roma güləşi ilə də məşğul olan Qurbanəli orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Xidmətdə olduğu 1 il ərzində peşəkar bir döyüşçü kimi formalaşıb. Vətən Müharibəsi başlanandan cəbhənin Füzuli, Hadrut və Xocavənd istiqamətlərində gedən şiddətli döyüşlərdə fəal iştirak edib, bir sıra ərazilərimizin işğaldan azad olunmasında xüsusi şücaət göstərib. Qurbanəli oktyabrın 21-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Quluzadə Qurbanəli ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Şəhidimiz Xəzər rayonunun Binə qəsəbəsində qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.