Bu gün Vətən müharibəsinin iştirakçısı Qasımov Ramiz Vaqif oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
17 fevral 1975-ci ildə Beyləqan rayonunda anadan olub. 1992-ci ildə tam orta məktəbi, 1999-cu ildə Uçuş Hazırlığı Təlim Mərkəzini, 2008-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib.
Azərbaycan Respublikası Müdafiə nazirinin 15 oktyabr 1999-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib.
Vertolyot eskadrilyasının axtarış-xilasetmə xidmətinin aviasiya manqasının şturmanı, vertolyot eskadriliyasının manqa təyyarəçisi-operator, vertolyot eskadrilyasının vertolyot manqasının təyyarəçisi, vertolyot eskadrilyasının vertolyot manqasının baş təyyarəçisi, vertolyot eskadrilyasının vertolyot manqasının şturmanı, aviasiya eskadrilyasinın aviasiya manqasının şturmanı, əməliyyat bölməsinin zabiti-bölmə rəisinin baş köməkçisi (hava atış taktiki hazırlığı üzrə), hərbi hissənin əməliyyat bölməsinin rəisi-qərargah rəisinin əməliyyat və döyüş hazırlığı üzrə köməkçisi, aviasiya eskadrilyasının (Mi-8) qərargah rəisi - eskadrilya komandirinin müavini, aviasiya eskadrilyasının (Mi-17-1V) qərargah rəisi - eskadriliya komandirinin müavini, aviasiya bazası komandirinin uçuşların təhlükəsizliyi üzrə müavini-uçuşların təhlükəsizliyi bölməsinin rəisi vəzifələrində xidmət edib.
Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. 2020-ci il sentyabrın 27-də Tərtər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində vertolyot vurulduğundan paraşüt tullanışı yerinə yetirərkən xəsarət alıb, təcili olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq 2020-ci il oktyabrın 22-də şəhid olub.
Sağlığında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)", "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 95 illiyi (1918-2013)", "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona "Vətən Müharibəsi Qəhrəmanı" (ölümündən sonra) adı verilib, "Vətən uğrunda"(ölümündən sonra), "Ağdamın azad olunmasına görə"(ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 3 övladı var . Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub.