Bu gün Vətən müharibəsinin iştirakçısı İsmayılzadə Vüsal Əlbəndə oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
Şəhid İsmayılzadə Vüsal Əlbəndə oğlu 17 oktyabr 2001-ci ildə Bakı şəhəri, Buzovna qəsəbəsində anadan olub. Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrın 23-ü Hərbi Komissarlığa çağırılıb.
2020-ci il Sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda Vüsal İsmayılzadə əsgər yoldaşları ilə birlikdə əvvəlcə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında böyük şücaət və qəhrəmanlıq göstərib. Onun döyüşlərdə necə mətinliklə vuruşduğu, göstərdiyi rəşadəti haqqında komandiri və əsgər yoldaşları ağız dolusu danışırlar. Oktyabrın 22-də Füzuli istiqamətində gedən döyüşlərə qatılırlar və əsgər yoldaşları ilə raket atəşinə tutulurlar. Əsgər yoldaşları ilə birgə Vüsalda yaralanır. Yaralıları aparmağa maşın gələndə Vüsal əsgər yoldaşlarının maşına mindirilməsində köməklik göstərir. Ona özünün də minməsini də təklif etsələr də o onun daha çox yardıma ehtiyacı var deyərək öz yerinə digər əsgəri mindirir və növbəti kömək üçün maşının gəlməsini, yaralı dostlarını tək qoymamağı seçir. Yaralı halda çoxlu qan itirdiyindən Vüsal növbəti maşınla hərbi hospitala çatdırılanadək Şəhidlik zirvəsinə ucalır.
Azərbaycannın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərənacamına əsasən "Vətən uğrunda"(ölümündən sonra), “Cəbrayılın azad olunmasına görə”(ölümündən sonra), “Xocavəndin azad olunmasına görə”(ölümündən sonra), “Füzulinin azad olunmasına görə”(ölümündən sonra) medalları ilə təltif olunub.
Şəhidimiz Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.