Bu gün Vətən müharibəsinin iştirakçısı Bəşirov Hakim Nizam oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
2 mart 1989-cu ildə İmişli rayonunda anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını, 2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin "Ehtiyat zabit hazırlığı kursu"nu bitirib.
Müdafiə nazirinin müvafiq əmrinə əsasən "leytenant" hərbi rütbəsi verilib.
Motoatıcı taborun (SandCat) motoatıcı bölüyünün motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri vəzifələrində xidmət edib.
27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın işğal altındakı tarixi torpaqlarının azad edilməsi və respublikamızın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başladığı 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərdə fəal iştirak edib və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib.
2020-ci il oktyabrın 19-da Füzuli rayonu istiqamətində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapsırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" (ölümündən sonra), "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 2 övladı var. Şəhidimiz İmişli rayonunun Əliyetməzli kəndində dəfn olunub.