Bu gün Vətən müharibəsinin iştirakçısı Axundov Mirzə Musa oğlunun Şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötür
15 mart 1984-cü ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 2001-ci ildə tam orta məktəbi bitirib. 10 aprel 2002-ci ildən 8 aprel 2003-cü ilədək Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçərək xüsusi təyinatlı dəstənin baş atıcısı, dalğıc-döyüş üzgüçüsü, mühafizə taqımının manqa komandiri, «Cilov» qrupunun manqa komandiri vəzifələrində xidmət edib.
2005-ci ildə Silahli Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı kursu”nu bitirdikdən sonra xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı qrupunun dalğıcı-kəşfiyyatçı, hərəkətedən rekompressiya stansiyasının rəisi-dalğıc, dalğıc təlim mərkəzinin hərəkətedən rekompressiya stansiyasının dalğıcı, stansiyanın rəisi-dalğıc, hərbi hissənin dalğıc xidmətinin dalğıcı-təlimatçı vəzifələrində xidmət edib.
18 fevral 2017-ci ildən başlayaraq xidmətini cəbhə bölgəsində hərbi hissənin motoatıcı taborunda motoatıcı taqım komandirinin müavini, kəşfiyyat bölüyündə kəşfiyyat manqasının komandiri, kəşfiyyat taqımı komandirinin müavini, kəşfiyyat bölüyünün baş çavuşu, motoatıcı böluyün baş çavuşu vəzifələrində davam etdirib.
Azərbaycan Respublikası Müdafiə nazirinin 18 fevral 2005-ci tarixli əmri ilə "miçman" hərbi rütbəsi verilib.
2020-ci il oktyabrın 1-də Tərtər va Ağdərə rayonları istiqamətində hərbi əməliyyatlar zamanı şəhid olub.
Sağlığında "Azərbaycan Respublikasi Silahli Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunun şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Uğrunda” (ölümündən sonra), “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra), “Laçının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub. Ailəlidir 3 övladı var. Şəhidimiz Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub.