Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan şirkəti Çinin ən böyük ticarət sərgisində iştirak edir

17 oktyabr 2023 | 10:10

  Azərbaycanda fəaliyyət göstərən “Baku Cable Goknur LTD” şirkəti Çinin Quançjou şəhərində keçirilən “Canton Fair” ticarət-sənaye sərgisində iştirak edir. 134-cü “Canton Fair” ticarət-sənaye sərgisində quraşdırılmış xüsusi stenddə şirkətin istehsal etdiyi məhsullar nümayiş etdirilir.
   Sərgiyə qatılmaqda əsas məqsəd “Made in Azerbaijan” brendini təbliğinə töhfə vermək, şirkətin beynəlxalq əlaqələrinin genişləndirilməsinə nail olmaqdır. Oktyabrın 15-dən start götürən sərgi çərçivəsində şirkət nümayəndələri xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirmək, Azərbaycanda istehsal olunan kabelləri potensial müştərilərə təqdim etmək, məhsul ixracına dair müzakirələr aparmaq imkanı qazanacaqlar.
  Qeyd edək ki, şirkətin sərgidə iştirakı ilə bağlı ilkin müzakirələr 2023-cü ilin aprel ayında Xəzər rayonu nümayəndə heyətinin Nanşa rayonuna səfəri zamanı aparılıb. 2021-ci ildə Bakı şəhərinin Xəzər rayonu ilə Quancou şəhərinin Nanşa rayonu arasında imzalanmış “Əməkdaşlığın gücləndirilməsi barədə anlaşma memorandumu” çərçivəsində baş tutan səfərdə azərbaycanlı iş adamları da iştirak edib. Səfər çərçivəsində azərbaycanlı iş adamları bir sıra istehsalat, innovasiya və texnologiya obyektləri, təhsil, səhiyyə müəssisələri, turizm və nəqliyyat-logistika mərkəzləri, o cümlədən “Canton Fair” ticarət-sənaye sərgisi ilə tanış olublar. Azərbaycan nümayəndə heyətinin tərkibinə sərgiyə baxış keçirən iş adamları gələcəkdə bu sərgidə Azərbaycan şirkətlərinin iştirakı barədə təkliflə çıxış ediblər.
   “Canton Fair” ticarət-sənaye sərgisi Çinin ən böyük ticarət sərgisidir. 1957-ci ildə keçirilməyə başlayan sərgi Çin idxal və ixrac malları yarmarkası kimi tanınır və bütün dünyada məşhur olan çoxprofilli sərgilərdən biridir. “Canton Fair” ticarət-sənaye sərgisi Çin sənayesinin əsas vitrini hesab olunur. 200 ölkədən 100 mindən çox alıcının qeydiyyatdan keçdiyi sərgidə Azərbaycan şirkətləri öz məhsullarını idxal bölümündə nümayiş etdirir. “Canton Fair” ticarət-sənaye sərgisində 28 mindən çox şirkətin iştirakı gözlənilir.

Keçidlər