Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

22 sentyabr 2020 | 16:00
Bildiyimiz kimi, Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın ən qədim tarixə malik olan diyarlarındandır. Azərbaycanın poeziya və musiqi  beşiyi olan Dağlıq Qarabağ Azərbaycan Respublikasının əzəli-əbədi torpağıdır. Bütün tarix boyu Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsi olmuşdur. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra ermənilərin təzyiqi və israrlı müraciətləri nəticəsində rus çarının alban katolikosluğunu ləğv etməsi Qarabağın alban əhalisinin gürcüləşdirmə və erməniləşdirmə prosesinin başlanğıcını qoydu.

 Ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qarşı iddiaları onların "Böyük Ermənistan" yaratmağa yönəlmiş strateji planlarının tərkib hissəsdir. Ona görə də ermənilər, "ənənələrinə" sadiq qalaraq, həmişə əlverişli şərait yaranan kimi bu planın reallaşdırılması uğrunda mübarizəyə başlamışlar. SSRİ-də 1985-ci ildə ermənipərəst M.S.Qorbaçovun hakimiyyətə gəlməsilə erməni separatçıları növbəti dəfə yenidən fəallaşdılar. Bu dəfə sovet rəhbərliyinin silahlı erməni separatçılarını-terrorçularını himayə və müdafiə etdikləri daha tez aşkara çıxdı. Dağlıq    Qarabağ Muxtar Vilayəti ilə bağlı məxfi planı həyata keçirmək üçün M.S.Qorbaçov, ilk addım olaraq, onun qarşısında ən qüdrətli maneə olan xalqımızın sevimlisi olan, dahi siyasətçi Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdı.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri    Azərbaycanın sərhədlərini pozub Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar.
Hər kəsə məlumdur ki, Qarabağ müharibəsi dedikdə, 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən    Qarabağda məskunlaşan erməni qəsbkarları ilə  Qarabağda yaşayan Azərbaycan vətəndaşları arasında baş vermiş etnik və ərazi münaqişəsi nəzərdə tutulur.
   Uzun illərdir ki, Azərbaycan Respublikası, məhz təcavüzkar Ermənistanın əməllərinin qarşısını almaq üçün Dağlıq Qarabağ ərazisində düşmənlə mübarizə aparır. Ermənistanın öz işğalçılıq siyasətini davam etdirməsi, regionda müharibəni qaçılmaz edir. Onların açıq-aşkar terrora dəstək verməsi isə, dünyada sülhə qarşı bir təhdid kimi qiymətləndirilməlidir.
  Nəhayət, 1993-cü ilin oktyabr ayında mərhum Heydər Əliyev seçkilərdə qalib gələrək, rəsmi olaraq prezident seçildi və daxildə yaşanan gərginliyi azaltmaq üçün ciddi işlər görməyə başladı. Heydər Əliyevin müstəsna xidmətləri sayəsində 1994-cü ilin may ayının 5-də, Rusiyanın vasitəçiliyi ilə, bütün tərəflər hərbi əməliyyatlarının dayandırmağa razılaşdı və atəşkəs rejimi barədə “Bişkek protokolu” adlı sənəd imzalandı.
Hal-hazırda bu razılaşmanın qüvvədə olmasına baxmayaraq, Ermənistan tərəfi illərdir ki, atəşkəs tələblərini dəfələrlə kobud şəkildə pozur və öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.
   Qarabağ bölgədə yaşanan belə gərginliyin biri də 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə baş vermişdir. Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş tutan, "Dördgünlük müharibə" adlandırılan bu hərbi münaqişə Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və  Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad edilmişdir.
   2020-ci ilin iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması, onların bir daha düşmənçilik niyyətində israrlı olmasından xəbər verdi.
Bu gün mövcud olan Ermənistan, tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu barədə kifayət qədər tarixi sənədlər var. Müstəqil dövətimiz heç zaman ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
   Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik hərbi qulluqçulardan ibarət olmaqla bərabər,  çox güclü texniki imkanlara da sahibdir. Eyni zamanda əsgərlərimizdəki ruh yüksəkliyi bizə onu deməyə əsas verir ki, bu gün Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək imkanlarına sahibdir. Ordumuzun gücünü, qüvvəsini və yenilməzliyini düşmənlərimiz bilir və onlar bundan daima narahatdırlar. Həm siyasi, həm hərbi, həm də iqtisadi potensialımız artır və gec-tez biz bu məsələni istədiyimiz kimi ədalətli həll edəcəyik.
   Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır. Belə ki, Ermənistan tərəfi nə qədər tez danışıqlar yoluna razı olsalar, bu onlar üçün daha yaxşı nəticələrə gətirib çıxarda bilər.  Onlar danışıqları hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışsalar da, buna nail ola bilmirlər. Bizim danışıqlar prosesindəki mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Ərazi bütövlüyü prinsipi danışıqlar mövzusu deyil. Bütün beynəlxalq əlaqələrdə bu məsələ heç bir ölkə, yaxud təşkilat tərəfindən ikili standartlar özünü göstərməməlidir. Düşmənlərimiz bütün istiqamətlərdə uğursuzluqlara düçar olduğu üçün danışıqlardan qaçmağa cəhd göstərir, ancaq bu hal qətiyyən yolverilməzdir. Azərbaycanın uğurları, inkişafı, gücü və ölkəmizin torpaqları uğrunda apardığı məqsədyönlü siyasət onları danışıqlar masasında oturtmağa məcbur edəcək. Düşmən ölkə      Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olacaq.
    Prezidentimizin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində müsahibəsində qeyd etdiyi fikirlər, Azərbaycanın haqlı mövqeyini bir daha ortaya qoyur. Faktiki olaraq, Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyənatları, təxribat xarakterli addımları danışıqları mənsız edir və onlar bu məsuliyyəti dərk etmirlər.
    Ermənistanın, bölgənin təhlükəsizliyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən, ermənilərin qonşu dövlətlərə qarşı məntiqsiz iddialardan əl çəkməsindən keçir. Prezident, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində ərazilərimizin işğaldan azad olunacağı gün yaxınlaşmaqdadır. Bu gün cəbhədə olduğu kimi bütün istiqamətlərdə də savaşda olduğumuzu yaddan çıxartmamalıyıq. Bu gün, eyni  məqsəd, eyni amal uğrunda birləşmək zamanıdır!
Vahid xalq və mübariz əsgər kimi hər birimiz Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməli və Silahlı Qüvvələrimizə dəstək olmalıyıq!   
    Torpaqlarımızı işğalçılardan təmizləmək üçün doğma Vətənin bizim birliyimizə daha çox ehtiyacı var. Əgər bir olub, həmrəylik göstərsək, haqlı davamızın qarşısında heç bir qüvvə dayana bilməz!
Qarabağ döyüşlərində iştirak etmiş müharibə veteranı kimi deyə bilərəm ki, mən və digər döyüş yoldaşlarım da hər zaman olduğu kimi, bu gün də Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik.Cənab Prezident, Sizi əmin edirik ki, öz təcrübəmizi və döyüş taktikamızı müharibə meydanında tətbiq etməyə hazırıq! Biz, köhnə döyüşçülər düşmənlərə qarşı apardığınız şərəfli mübarizə yolunda hər an yanınızdayıq!
   Cənab Ali Baş Komandan, cəbhədə gedən prosesləri diqqətlə izləyirik. Sizin torpaqlarımızın işğaldan azad olunması yolunda göstərdiyiniz fədakarlıqlar bizi, həmçinin, dövlətini və millətini sevən hər kəsi çox sevindirir. Xain, qaniçən ermənilərə qarşı bizim də hər an döyüşə hazır olduğumuzu nəzərə almağınızı və ehtiyac olarsa, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmətə çağırmağınızı xahiş edirəm.
   Möhtərəm Prezident, ümidvaram ki, biz, məhz Sizin sayənizdə mütləq öz doğma torpaqlarımıza qayıdacağıq! Vətənimizin azadlığı, dövlətimizin müstəqilliyi naminə biz veteranlar da Sizinlə bərabər üçrəngli, müqəddəs bayrağımızı Şuşada, Xankəndində, Xocalıda və bütün Qarabağ torpağının ən uca zirvələrində dalğalandıracağıq!
Sonda, fikirlərimi möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin 2020-ci il oktyabr ayının 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi möhtəşəm, erməniləri rüsvay edən bu söz ilə yekunlaşdırmaq istəyirəm: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

 

Müşfiq Əliyev

                                                                                                                                       Azərbaycan Respublikası
                                                                                           Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,
                                                                        Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi
                                                                  Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.
                                                                        Xəzər rayon sakini.

Keçidlər