Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağ Münaqişəsində Erməni təxribatı

22 sentyabr 2020 | 16:00
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.
Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib.1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarının açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlanmış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib.
Dağlıq Qarabağda Qarbaçovun köməkçisi Arkadi Volskinin başçılığı ilə xüsusi komitə yaradılmışdır ki, bunun da əsas səbəbi Qarabağı Azərbaycandan qoparmaq planını həyata keçirtmək idi.Volskinin dövründə həmin vaxtlarda azərbaycanlılar Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar.

Azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında , torpaqlarımızın işğal altına düşməsində Sovet ittifaqının 366-cı alayının həll edici rolu olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin üzərindən 30 ilə yaxın müddət keçməsinə baxmayaraq, bu problem öz siyasi və hüquqi həllini hələ də tapmamışdır. Atəşkəs haqqında razılıq əldə edildiyi tarixdən etibarən hər iki ölkədə qarşı tərəfə münasibətdə “düşmən” obrazı möhkəm yer almış və tərəflər arasında “nə sülh, nə də müharibə” kimi qeyri-müəyyən vəziyyət yaranmışdır. Hər iki variantın da nizama salınması mümkün olmadığına görə, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb edilməkdədir. Dünyanın aparıcı dövlətləri bu münaqişəyə münasibətdə müxtəlif mövqelərdə dayandıqlarından bu variant da real nəticə vermir. Paşinyanın Azərbaycana qarşı təxribatları davam etməkdədir.
    Son günlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanunı əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur.
Şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır. Bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına dövlətimiz və xalqımız heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
     Bundan əlavə, qeyd etdiyimiz kimi, Ermənistan tərəfi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakının təmin olunmasını istəyir. Ancaq bu tələb də əsassızdır və heç bir məntiqə uyğun deyil. Çünki, Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki, Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə də açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər. Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən görüşlər zamanı danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını bildirmişdir.
    Bununla yanaşı, ATƏT-in Minsk qrupunun 1992-ci ildəki mandatına əsasən qərara alınmışdı ki, Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi danışıqlarda iştirak etməlidirlər. Yəni, bu, beynəlxalq formatdır.
    Bununla yanaşı, əgər Dağlıq Qarabağ erməniləri münaqişə tərəfi olsaydı, onda Ermənistan 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də, 1999-cu ildən başlayaraq iki dövlətin prezidentləri səviyyəsində indiyədək keçirilən 50-dən çox görüşdə iştirak edib müvafiq sənədləri imzalamazdı (2008-ci ilin  Moskvada "Mayndorf" qəsrində Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə imzalanmış məlum bəyannamə nəzərdə tutulur - E.Ə.). Bununla yanaşı, əgər Dağlıq Qarabağın erməni icması münaqişənin nizama salınması üçün aparılan danışıqlarda iştirak etmək istəyirsə, onda onlar Dağlıq Qarabağın azərbaycanlı icması
ilə görüşə bilərlər. Buna görə də Ermənistan ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir.
    Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti və onun başçısı İlham Əliyev ilk növbədə sülh variantına üstünlük verir.      
    Lakin, Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunu beynəlxalq hüquq normalarının da təsdiq etdiyini vurğulamışdır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca, bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını da bildirmişdir. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan etmişdir ki, Azərbaycan bundan sonra da danışıqlarda öz prinsipial mövqeyindən dönməyəcəkdir.

Eminova Xəyalə Zəfər qızı
F.Gözəlov adına 124 N-li məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini

Keçidlər