Azərbaycanda neft-qaz sənayesinin inkişafının perspektivləri
Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Ölkədə əsl neft bumu XIX əsrin sonu-XX əsrin əvvəllərinə təsadüf edir.Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi.Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev sentyabrın 19-da H.Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
Prezidentə “Abşeron” yatağında quraşdırılacaq dayaq blokları, sualtı qurğular haqda məlumat verilib. “Abşeron” layihəsi ilə iş zamanı “Bos Şeff” şirkəti Azərbaycanda ilk dəfə mühəndislik, təchizat, tikinti quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib.
Prezident İlham Əliyev Azərbaycan Televiziyası, İctimai Televiziya və Real Televiziyaya müsahibə verərək qeyd edib ki, “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma layihəsi doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki, bu gün faktiki olaraq “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır və əminəm ki, bu mərhələ də uğurlu olacaq. Beləliklə, Azərbaycan öz neft-qaz strategiyasında önəmli hadisəyə, önəmli addıma imza atacaqdır.
Cənab Prezident çıxışı zamanı “ Abşeron” yatağının tarixi barədə öz xatirələrini bölüşüb. “ Abşeron” yatağının tarixi bir qədər fərqlidir. Çünki ilk dəfə “Abşeron” qaz yatağı üzrə kontrakt xarici tərəfdaşlarla hələ 1990-cı illərin sonlarında imzalanmışdır.Mən o günləri yaxşı xatırlayıram və bizim “Abşeron” yatağı ilə əlaqədar böyük ümidlərimiz var idi.Çünki bizim geoloqlarımız,xüsusilə Xoşbəxt Yusifzadə tam əmin idi ki, bu yataqda kifayət qədər böyük qaz ehtiyatları vardır. Bir də ki, “Abşeron” yatağı üzrə kontrakt “Şahdəniz” qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanmışdır və əslində, bu, onu göstərirdi ki, Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Ancaq əfsuslar olsun ki,müəyyən müddətdən sonra birinci kontrakta xitam verildi. Onun da səbəbi ondan ibarət idi ki, qazılan kəşfiyyat quyusu boş çıxdı. Bizim görkəmli geoloqumuz Xoşbəxt Yusifzadə demişdi ki, quyunun yeri düzgün seçilməmişdir və xarici tərəfdaşları inandırmağa çalışırdı ki, onlar öz iş proqramına bir qədər düzəlişlər etsinlər. Ancaq təəssüflər olsun ki, onun sözünə baxmadılar. Halbuki Xəzər dənizini Xoşbəxt Yusifzadə kimi tanıyan ikinci adam dünyada yoxdur. Ancaq heç bir nəticə əldə olunmadı və xarici şirkət bu yatağı tərk etdi. Yenə də deyirəm, biz tam əmin idik ki, burada çox böyük qaz ehtiyatları vardır. Şadam ki, “Total” şirkəti ilə eyni fikrə gəldik və SOCAR-la müvafiq sənədlər imzalandı. Ondan sonra praktiki işlər aparıldı və böyük qaz-kondensat yatağı aşkarlandı. Bu önəmli hadisə - yatağın aşkarlanması ilə əlaqədar ilk xəbəri mənə Xoşbəxt müəllim vermişdir. Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır.Amma mən hesab edirəm ki,daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki,ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, “Abşeron”un birinci mərhələsində çəxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali,artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq. Eyni zamanda, bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Çünki 100 milyon ton kondensat – bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq. Beləliklə, “Azəri-Çıraq-Günəşli”də mövcud olan və davam edən təbii hasilat tənəzzülünü “Abşeron” yatağı bir qədər kompensasiya edəcək. Ona görə bu, növbəti böyük hadisədir.
Ölkəmizdə uzun illər - həm çar Rusiyası dövründə, həm Sovetlər dövründə, həm də indiki müstəqillik dövründə neft hasil olunmuşdur. Azərbaycan o ölkədir ki, XIX əsrin ortalarında tarixdə ilk dəfə sənaye üsulu ilə neft hasil etmişdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Çünki, çar Rusiyası dövründə varlılar varlanırdı,amma kasıblar daha da ağır vəziyyətə düşürdü, insanların əməyi çox ağır idi. Bir daha qeyd edim ki, Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Sovet dövründə- o vaxt əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, çoxdan ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 1920-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına xidmət etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar.
Çıxışı zamanı ölkə rəhbəri neft işçilərinin Peşə bayramını təbrik edərək bildirdi ki, neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır.Neftçi peşəsi həm hörmətli , eyni zamanda, riskli, təhlükəli peşədir.
Cənab Prezidentin də qeyd etdiyi kmi, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də yaxın gələcəkdə neft-qazdan əldə olunan gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda bizim yeni layihələrimiz – bu gün “Abşeron”, bir ay əvvəl “Qarabağ”, digər layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək.
183 N-li tam orta məktəbi təlim-tərbiyə işləri üzrə
direktor müavini Hüseynova Aynur Ramiz qızı