Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı

06 sentyabr 2020 | 16:00

Azərbaycan və Türkiyə xalqlarının eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.


  Cari ilin iyul ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində baş verən hərbi toqquşma zamanı ilk gündən qardaş Türkiyə bizə mənəvi dayaq oldu.
Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birbaşa dəstəyi ilə ölkələrimizin hərbi qurumları arasında hər il imzalanan ikitərəfli fəaliyyət planına əsasən, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və digər qoşun növlərinin birgə keçirdiyi döyüş atışlı hərbi təlimlər, yüksək səviyyəli hərbi nümayəndələrin qarşılıqlı səfərləri, o cümlədən hərbi, hərbi təhsil və hərbi- texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi mərhələli surətdə həyata keçirilir. Bu qəbildən olan Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoq prosesinin aparılması isə hərbi strateji imkanların uzlaşdırılması məqsədilə icra edilir.
  Həmişə tarixin çətin məqamlarında hər iki dövlətin əsgəri və ordusu bir-birinə dayaq olub, düşməni silahı gücünə məhv edərək ədaləti bərqərar edib. Necə ki, əcdadlarımız düşmən üzərində zəfər çalıb, indi də Silahlı Qüvvələrimiz bu şərəfli işi layiqincə davam etdirirlər.
Ötən ay keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirildi. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilmişdir. Qeyd edilməlidir ki, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.
  Tovuzdakı son hücumu ilk gündən etibarən cənab Prezidentimiz başda olmaqla bütün 83 milyonluq xalqımız nifrətlə qınayır. Bu təxribatların böyük hücum və beynəlxalq hüquqa zidd olduğunu, Xocalı qətliamından, Dağlıq Qarabağın işğalından etibarən cinayətkar hərəkətlərin davamı olduğunu görürük. Buna qarşı bizim mövqeyimizi bilirsiniz. Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq. Burada biz özümüzü həqiqətən Vətənimizdə hiss edirik”.
  Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub. 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olaraq Türkiyə Cümhuriyyəti ilə münasibətlər inkişaf etdirilərkən ordularımız arasındakı əlaqələr də, məlum olduğu kimi inkişaf etməyə başladı. Belə ki, bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var.
  Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq ölkəmizdə bu il də reallaşan hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri Ermənistan tərəfini qorxuya salıb.
  Keçirilmiş birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərib, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırıb, hər iki ölkənin milli maraqlarından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirib.
  Əlbəttə ki, güclü ordu dövlətçiliyin və müstəqilliyin rəmzidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın müstəqilliyini əbədi etmək üçün güclü və daim təkmilləşən milli ordumuz olmalıdır”. Ölkəmizə hər iki rəhbərliyi dövründə dahi şəxsiyyət bu məsələni diqqətdə saxlamış, müstəqilliyimizin təminatçısı olan qüdrətli Azərbaycan ordusunu yaratmışdır. Ulu öndərin ordumuzun döyüş və peşəkarlıq səviyyəsinin artırılması sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi və şəxsi heyətin döyüş hazırlığının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Güclü iqtisadiyyat və dövlət-xalq-ordu birliyi Azərbaycan ordusunun qüdrətini, döyüş qabiliyyətini ilbəil artırır, ölkəmizdəki sabitlik və təhlükəsizlik möhkəmləndirilir.
  Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Ötən ay keçirilən birgə hərbi təlim də göstərdi ki, bizim gücümüz birliyimizdədir. Müdrik fikirlərdə deyildiyi kimi, ordunun gücü döyüş ləvazimatlarının çoxluğu ilə deyil, əsgərlərin peşəkarlığı, birliyi, cəsarət və ləyaqəti ilədir.     Həqiqətən də şəxsi heyətin birliyi, döyüş qabiliyyətinin artırılması və mənəvi-psixoloji hazırlığı hərbi xidmətin əsasını təşkil edir. Silah və texnika təminatı hələ güclü ordu yaratmaq demək deyil. O ordu güclüdür ki, onun şəxsi heyətində vətənpərvərlik ruhu və peşəkarlıq vardır. Hərbi təlimdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi də bir millətin, iki dövlətin ordularının yüksək döyüş qabiliyyətinə və birliyə malik olduğunu təsdiq etdi.
İkitərəfli münasibətlərimiz bu gün hər iki ölkənin Prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. Birgə hərbi təlimin keçirilməsi də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının nümunəsidir.
  Türkiyə hazırda başqa bir ciddi problemlə qarşılaşmışdır. Qardaş ölkə Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatlarından istifadə etmək hüququnu reallaşdırmaq istəyir və bu məqsədlə sondaj işi aparır. Lakin Avropa İttifaqı ölkələri, ilk növbədə, Yunanıstan və onu təhrik edən Fransa buna qarşı çıxır, Ankaranı sanksiyalarla hədələyir - guya Türkiyənin atdığı addım beynəlxalq hüquqa ziddir. Soruşulanda ki, Türkiyə beynəlxalq hüququn harasını pozur, cavab gəlmir. Türkiyə məsələni həll edib yaranmış gərginliyi aradan qaldırmaq üçün Yunanıstanla dialoqa girməyə hazırdır. Amma Afina dialoqdan qaçır. Ona görə də Türkiyə rəhbərliyi qətiyyətlə bildirmişdir ki, Şərqi Aralıq dənizində geri çəkilib məhəlli sularında qapanmaq fikrində deyil - nəyin bahasına olursa-olsun.
  Türkiyənin haqq işinə dəstək dərhal Azərbaycandan gəldi. Prezident İlham Əliyev Bakının mövqeyini sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşündə bir daha bəyan etdi: "Sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
  Əlbəttə ki, bu mövqe Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın daha bir nümunəsidir. Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına da sərt cavab verərək onu məyus etmişdi. Ölkə başçısı həmçinin Yunanıstan, Kipr və Ermənistanın birlikdə üçtərəfli format yaradaraq fəaliyyət göstərməsi, eyni zamanda Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlığın davam etdirilməsinin Azərbaycan üçün ciddi narahatlıq doğurduğunu bildirərək bütün bu məsələlərlə bağlı Yunanıstan tərəfinə açıq şəkildə ölkəmizin haqlı mövqeyini çatdırmış oldu.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
       Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
       Şağan Reabilitasiya Pansionatının direktoru     Jalə Həsənova

Keçidlər