Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ərazilərinin işğal altında saxlayan, əksər qonşularına qarşı açıq və gizli formada ərazi iddiaları olan Ermənistanın silahlandırılması region üçün yaxşı heç nə vəd etmir

15 avqust 2020 | 16:00
  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir. Ermənistan silahlı qüvvələrinin    Azərbaycan Ordusuna qarşı döyüşməsi, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakı və həmin ərazilərdə yerləşdirilməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nın yaradılması və s. kimi faktlar Ermənistanın münaqişədə işğalçı tərəf kimi çıxış etdiyini sübut edir.
  Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud” Status-kvo”nu davam etdirməklə, müharibə məqsədlərinə nail olmağı düşünür.


  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.   Beynəlxalq səviyyədə qəbul olunmuş rəsmi istilahla desək, Ermənistan-Azərbaycan,   Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə – danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumun üç həmsədrindən biri Rusiyadır. Və Rusiya Ermənistana silah göndərir. Özü də, Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır.
  Dünən belə olub, bu gün də belədir… və belə ola-ola, tərəflər arasında vasitəçilik institutnun həmsədri olmaqda davam edir… Bu, əlbəttə, təzaddır.
 Bəli, Ermənistanın Rusiyadan silah alması, yaxud Rusiyanın Ermənistana silah verməsi xüsusi bir mövzudur. Rusiya Ermənistana hansı əsaslarla silah satır? – Bəlli deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin mediasında heç bir bilgiyə rast gəlinmir.   
Azərbaycan ərazilərinin 20 %-ni işğal altında saxlayan, əksər qonşularına qarşı açıq və gizli formada ərazi iddiaları olan Ermənistanın silahlandırılması region üçün yaxşı heç nə vəd etmir.
  Doğrudur, Ermənistanın əsas silah təminatçısı Rusiyadır, lakin siyahıda başqa dövlətlər də var. Nəzərə alsaq ki, heç bir beynəlxalq hüquq norması işğalçıya silah satmağı təsbit və təşviq etmir, o halda meydana çıxan suallar daha da çoxalır. Çünki Azərbaycan torpaqlarınn işğal altında olduğu mühüm beynəlxalq sənədlərdə qeyd olunub və hansı rayonların işğal altında tutulduğunu bilməyən dövlət və beynəlxalq təşkilat yoxdur.
 Göründüyü kimi, işğalçı ölkə bütün parametrlərlə sülhdən uzaq davranır; yalnız ənənəvi müttəfiq(lər)ini deyil, bizə dost olan ölkələri də öz çirkin məqsədlərinin gerçəkləşməsi işinə daxil edir. Bununla belə, dövlətimizin çevik reaksiyaları ilə düşmənin iç üzü dünya ictimaiyyətinə, əlaqədar tərəflərə açıq şəkildə göstərilir və adekvat tədbirlər görülür. Heç kəs unutmamalıdır ki, Azərbaycanın dostluğu, müttəfiqliyi, Azərbaycan tərəfinin bu dostluq və müttəfiqlikdən məmnunluğu nə qədər vacibdirsə, Azərbaycanın narazı qalması, incidilməsi, daha artıq dərəcədə öz təsirlərini göstərəcəkdir. Azərbaycanla dostluq hər kəs üçün qiymətlidir; Azərbaycanla dostluğa xələl gətirməyin də bədəli olduğunu hər kəs bilməlidir”.

Mövsümova Gülnisə
      26N-li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

Keçidlər