Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir
12 dekabr 2013-cü il tarixdə Xəzər Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Yap Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev və RİH başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir.
İlk öncə İcra Hakimiyyətinin qarşısında Ulu Öndərin abidəsi önünə əklil qoyulmuşdur. Daha sonra tədbir Xəzər rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.
Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Çıxışlardan sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sujetli film nümayiş etdirilmişdir.