Güclü, qüdrətli Ordusu olan Dövlətimizin müstəqilliyi sarsılmaz və əbədidir !
Güclü, qüdrətli Ordusu olan Dövlətimizin müstəqilliyi sarsılmaz və əbədidir !
Ordu cəmiyyətdə daxili özünə inamı, Dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Əsası 100 ildən artıq zaman müddətində qoyulmuş Azərbaycan Ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Azərbaycan suverenlik qazanandan sonra Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli Ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına yüksəlib. Azərbaycan Silahlı Qüvvələri bizim qoruyucumuz, təhlükəsizliyimizdir. Milli Ordumuz hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğının uğurlu nəticəsidir. Cəmiyyətimizdə Silahlı Qüvvələrimizə olan böyük inam olduqca vacib amildir. Hərbi qulluqçularımızın, döyüşçülərimizin vətənə, torpağa olan sevgisi , onların qəhrəmanlığı, Ali Baş Komandanın hərbi qulluqçulara göstərdiyi qayğı Ordumuzu gündən-günə daha da qüvvətləndirir. Ordumuza olan Dövlət dəstəyi və cəmiyyətin inamı Ordumuzun şəxsi heyətinin döyüş ruhunu artırır.
Bildiyiniz kimi Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimizin rolu olduqca böyükdür. Yarandığı ilk gündən etibarən Vətənimizin keşiyində duran Milli Ordumuz bu gün də sərhədlərimizdə mənfur düşmənlə üz-üzə durub qəhrəmancasına mübarizə aparır. Aprel döyüşləri tarixə Ordumuzun gücünün , xalqla Ordunun vəhdətinin , vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin rəşadət əzmini sındırmaq asan deyil. Azərbaycan övladlarının göstərdiyi igidliklər milli hərb tariximizə şanlı səhifələr kimi yazılıb və yazılır . Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimiz bir daha öz üstünlüyünü təsdiq etdi. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız Vətən uğrunda, torpaqlarımız uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, müstəqil Azərbaycan Dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan düşmənlə fədakarcasına mübarızə apardılar. O döyüşlərdə göstərilmiş qəhrəmanlıq nümunələri bizim hər birimizin qəlbində daim yaşayacaqdır. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi xalqımız Vətən uğrunda şəhid olan hərbi qulluqçularımızı, qəhrəmanlarımızı heç vaxt unutmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Mübariz İbrahimov , Fərid Əhmədov, polkovnik İlqar Mirzəyev, general-mayor Polad Həşimov kimi qəhrəmanlarımızın qisasını almaq və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq istəyən gənclərimizin sayı gündən-günə artır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız və Ordumuz bu təlatümlü günlərdə bir oldu. Ali Baş Komandanımızın çağırışına səs verən 60 minə yaxın soydaşımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində könüllü kimi qeydiyyatdan keçdi və hal-hazırda da müraciətlər davam edir. Qardaş Türk Cümhuriyyəti də Azərbaycanı tək buraxmadı. Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu, ən yüksək səviyyədə Azərbaycanı dəstəklədiyini bildirdi.
Bu gün qürurla qeyd etmək istəyirəm ki, F.Fərhadoğlu adına 230 N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nazim Məmmədov da Vətən qarşısında övladlıq borcunu yerinə yetirmək üçün hal-hazrda Azərbaycan Ordusu sıralarında hərbi xidmətdədir.
Əminəm ki, Azərbaycan Ordusu lazım gələrsə, Ali Baş Komandanımızın rəhbərliyi ilə hər an düşmən tapdağında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edə və üç rəngli bayrağımızı əzəli torpaqlarımızda qaldıra bilər.
Xalqımızın qoruyucusu, qüruru olan , ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir olan, nizamlı, mütəşəkkil, qüdrətli Ordumuz , xalqımız daim sizlərlədir!
Tamilla Yaqubova
230 nömrəli tam orta məktəbin direktor əvəzi