Şriftin ölçüsü :

Saytın rəngi :

ORDUM VARSA YURDUM VAR

31 iyul 2020 | 16:00

     ORDUM VARSA YURDUM VAR

     “Torpaq uğrunda ölən varsa vətəndir” deyimi daim qulağımızda hərbi çağrış kimi səslənməli, bizi vətənimizin birliyinə, bütövlüyünə çağırmalıdır. Tarixin qan yaddaşından, daş yaddaşından, mübarizələrindən süzülüb gələn millətimizin tarixi dövlətçilik ənənələrinin üzərində bərqərar olan doğma Azərbaycanımız heç vaxt məğlubiyyətlə, itgiylə barışmayan, yenilməzliyini yaxin tarixdə dəfələrlə subut edən bir millət kimi formalaşmışdır. Nə yazıq ki, 90-cı illərin səriştəsiz rəhbərləri 20% torpaqlarımızı öz siyasi bacarıqsızlıqları fonunda  kürsülərə qurban etdilər. Lakin siyasi hakimiyyətə xalqın tələbi ilə gələn  Ulu Öndər Heydər Əliyev və onun davamçısı İlham Əliyev Cənabları xalqın mübarizə əzmini, qələbə inamını özünə qaytardı.
Bu məqamda  yaxın tariximizə bir nəzər yetirmək istəyirəm:
      1988-ci ildən mənfur qonşumuz ermənilər Qərbi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımıza qarşı kütləvi təmizləmə siyasəti həyata keçirməklə azərbaycanlıları öz doğma  ata- baba torpaqlarından çıxarmağa nail oldular. Hadisələr Dağlıq Qarabağda da davam etməyə başladı və Ermənistan hakimiyyətinin birbaşa dəstəyi ilə erməni terror dəstələri dinc azərbaycanlılara qarşı terror aktı törədərək tarixdə analoqu olmayan soyqırımlara imza atdılar.  Bakıda baş verən siyasi oyunlar, orduda vahid komandanlığın olmaması torpaqlarımızın işğal olunmasına gətirib çıxardı.
      1993-cü ildə Ümumimilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə gəlməsi,  xalq tərəfindən böyük rəğbətlə qarşılandı. Ölkədəki hərbi vəziyyət nəzarət altına alındı. Düşmənə qarşı ağır zərbələr endirildi. Ulu Öndər siyasi hakimiyyətə gəldiyi ilk günlərdə cəbhənin ön xəttinə gedərək əsgər və zabitlərə və ümumilikdə Azərbaycan xalqına bir amal, bir məqsəd uğrunda birləşməli olduğunun  mesajını verdi.
     Həmin ənənə bu gündə davam edir. Cənab Ali Baş komandan İlham Əliyev dəfələrlə cəbhənin ön xəttində əsgər və zabitlərlə görüşmüşdür. Onların qayğıları ilə maraqlanmış, lazimi tapşırıqlarını vermişdir. Məhz bu səsbəbdəndir ki, son illərdə ordumuz daha uğurlu əməliyyatlar həyata keçirmişdir. 
    2016 cı ildə Lələtəpə və Talış istiqamətində qarşı tərəfin təxribat planları ifşa olundu və əsgərlərimiz əks hüçuma keçərək düşmənin postlarını ələ keçirməklə strateji yüksəklik olan Lələtəpəyə üç rəngli bayrağımızı sancdılar. Bu gündə həmin bayraq Azərbaycan əsgərinin başı üzərində məğrurla dalğalanır.
    Tariximizə  4 günlük  müharibə kimi yazılacaq əks hücum əməliyyatında 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi. Keçilməz hesab etdikləri  Ohanyan xətti  bölmələrimiz tərəfindən bir göz qırpımında yarılaraq düşməni qorxuya saldı.
2018 ci il tarixində Naxçıvan Muxtar Respublikası ərazisində İşğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi. 11 min hektar ərazi işğaldan azad edildi. Strateji əhmiyyət kəsb edən İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolu bölmələrimizin nəzarəti altına keçdi.
    Son günlərdə erməni xainliyi səbəbi ilə dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş verən hadisələr, ordumuzun bu təxribatlara qarşı uğurlu əməliyyatları, xalqımızın öz ordusuna, öz Ali Baş komandanına olan inam və dəstəyi bir daha subut edir ki, biz uğurlu yoldayıq, bir xalq olaraq yenilməzik, öz liderimizlə, ideyalarımızla dünyanın ən öndə gələn bir dövləti, bir millətiyik.
Əsgəri ilə çiyin –çiyinə döyüşən ölümündən sonra haqqında fədai kimi danışılan Genral Mayor Polad Həşimov, Polkovnik İlqar Mirzəyev öz şəadətləri ilə düşməni qorxuya saldılar. Mənfur düşmən gördü ki, Azərbaycan zabiti, Azərbaycan genralı əsgərinin arxasında yox önündədir. Zabiti əsgərinin önündə olan, irəli yox, ardımca komandası verən bir orduya sahib olan xalq  məğlub ola bilməz.  Müdafiyə etdiyi xalqın qürur yeri, and yeri olar.
    Yuxarıda deyilənlərlə yanaşı şəhid ailələrinə dövlət qayğısı danılmazdır. Ali Baş komandan İlham Əliyev Cənabları  Şəhid olmuş Genral Mayor Polad Həşimovun və Polkovnik İlqar Mirzəyevin ailə üzvləri ilə telefonla danışması, onlara başsağlığı verməsi məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı qətiyyətli addımı hər bir vətəndaşımızı ürəkdən  sevindirdi. Ali Baş Komandanın əsgər və zabitlərə, şəhid alilələrinə, qazilərə olan münasibəti heç şübhəsiz orduda ruh yüksəkliyi yaradır. Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55.130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçiblər və müraciətlər davam edir. Bu onu göstərir ki, xalqı öz rəhbərinin arxasındadır.  Eyni zamanda ölkəmizin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini bəyan etdilər.
    İlham Əliyev Cənablarının çağrışına səs verən minlərlə Azərbaycan qadını da orduda xidmət etmək üçün Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçdilər və qeydiyyatdan keçməyə davam edirlər.
İlham Əliyev Cənablarının apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz dünya silahlı qüvvələri  reytinqində 50-ci pillədə qərarlaşır.
   Bu deyilənlər bizə haqq verir ki, deyək, güclü ordumuz var, bu gün sabah Cənab Ali Baş Komandanın əmri ilə ölkəmizin sərhədləri bərpa olunacaq. Dağlıq Qarabağ və ətraf rayonlar işğaldan azad ediləcək. Ölkənin birinci vitse prezidenti Mehriban Xanım Əliyevanın dediyi kimi “Azərbaycanın işğal olunmuş hər bir bölgəsində, hər bir kəndində müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanacaq”.
     Dili bir, dini bir qardaşımız olan, bir millət iki dövlət kimi formalaşan Azərbaycan və Türkiyə münasibətlərinə diqqət çəkmək istərdim. Dövlət sərhəddində baş verən düşmən təxribatına qarşı ilk reaksiya qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin prezidenti və dövlət rəsmiləri  Ermənistanın bu addımını kəsgin şəkildə pislədilər. Hər zaman Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Bu günlərdə iki ölkənin birlikdə genişmiqyaslı hərbi təlimlər keçirməsi də düşmən tərəfi qorxuya salıb. Onlar artıq regionun güclü ordusu qarşısında aciz qaldıqlarını anlayırlar. Artıq əzəli Azərbaycan torpaqlarında dövlət quran ermənilər anlayır ki, dünya daha onlara inanmır. Ölkəmizin sürətli inkişafı onları narahat edir. Bunun bariz nümunələrindən biri işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin tez bir zamanda bərpa olunaraq məcburi köçkün şəraitində yaşayan kənd sakinlərinin öz doğma ata baba yurdlarına qayıtması, tam təhlükəsiz şəkildə yaşamasıdır. Hər bir Azərbaycan vətəndaşı anlayır ki, prezident İlham Əliyev cənablarının uğurlu və uzaqgörən siyasəti nəticəsində bütün məcburi köçkünlər qısa bir zamanda öz doğma torpaqlarına qayıdacaq.


Elnur Bayramov

XƏZƏR RAYONU
216 №-li tam orta məktəbin direktoru Bayramov Elnur Ədalət

 

Keçidlər