Azərbaycanda içməli su ilə bağlı infrastruktur layihələr həyata keçirilir
Azərbaycanda infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri davamlı və ardıcıl surətdə həyata keçirilir. Qədim əcdadlarımız kainatın əsasını 4 ünsürdə görürdülər: od, su, hava, torpaq. Doğrudan da, su yaşam qaynağıdır, su həyatdır. Məhz bu baxımdan su və meliorasiya sahəsində görülən işlər əhalinin sağlamlığının, eləcə də rifah halının yüksəlməsinə önəmli dərəcədə təsir göstərmişdir. Son illərdə Azərbaycanda nəhəng su layihələri arasında Abşeron yarımadasının içməli su təchizatı sahəsində həyata keçirilən sonuncu və ən iri layihə olan Oğuz-Qəbələ-Bakı su kəməri, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Şabran rayonu ərazisində inşa edilmiş Taxtakörpü su anbarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. 270 milyon kubmetr su tutumu olan bu anbardan təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsi, 165 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarının, Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarlarının inşa edilməsi də bu sahədə atılan önəmli addımlardan sayılmalıdır.
2004-cü ildə Azərbaycanda 40 faiz səviyyəsində olan içməli su ilə təminat bu gün 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən 82 faizə yüksəlmişdir. Regionlarda isə əhalinin içməli su ilə təmin olunmasi cəmi 9 faiz idi. Hazırda bu göstərici 63 faizdir. Dövlət başçımız iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə çıxışında demişdir: “ Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”. Ölkə başçısının bu tələbi ümid etməyə əsas verir ki, bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənəcək, su təhlükəsizliyində olan problemlər yaxın gələcəkdə həll olunacaq, əhalinin su ilə təminatının göstəricisi daha da yüksələcəkdir.
Anar Hüseynli
Xəzər rayonu Zirə bələdiyyəsinin sədri