Şriftin ölçüsü :

Saytın rəngi :

Su təmizlik mənbəyidir .

27 iyul 2020 | 16:00
Yaxşı adam həyatını axan su nümunəsində olduğu kimi təqib edərək formalaşdırır. Su ayrı-seçkilik etmədən bütün varlıqlara eyni həyat verir; su daim alçaq yerlərdə tapılar, heç kim onu yüksək yerlərdə axtarmaz. Ona görə də suyun rolu ruhi rahatlığı təmin etmək yolunda bir nümunə təşkil etməkdədir.
Su həyat mənbəyidir. Suyun bu müqəddəs missiyası xalq yaradıcılığında, klassiklərimizin əsərlərində, dini ayələrdə də özünü büruzə verir. "Kitabi Dədə Qorqud" dastanında Qazan xan deyirdi: "Su haqq didarını görmüşdür, qoy yurdumu sudan xəbər alım". Bu gün xalq arasında işlənən "Su qədər ömrün olsun" ifadəsi təmiz, sağlam, uzun ömrə işarədir.
Sürətlə inkişaf edən texniki proseslər, sənaye tullantılarının nəinki yerüstü, həm də yeraltı su mənbələrini çirklənməyə məruz qoyduğu bir zamanda bu deyimlərin əhəmiyyətini daha aydın başa düşürük. Doğrudan da, su həyatın özüdür. Lakin son günlər xüsusilə Aran rayonlarında əhalinin içməli su problemi ilə üz-üzə qalması aktuallaşmışdır. Bu problem yuxarı dövlət dairələrinin və dövlət başçımızın ciddi nəzarəti altındadır.

Elə bu məqsədlə iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirildi. Dövlət başçımız bu vaxta qədər infrastruktur layihələrinin ardıcıl icrası nəticəsində ölkəmizin bugünkü dayanıqlı və sürətli inkişafını vurğulayarkən qeyd etdi ki, enerji sektoruna qoyulan vəsaitlər, aparılan müasirləşmə nəticəsində bu gün 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyimizi təmin edir; ölkəmizdə qazlaşdırma 30 faizə çatıb; nəqliyyat infrastruktru böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə dünyada 27-ci yerdə olan ölkəmiz ümumilikdə infrastrukturla bağlı vəziyyətə görə dünya miqyasında 34-cü yerdə qərarlaşıb.
   Təbii ki, həmin layihələrin arasında su və meliorasiya layihələrinin xüsusi yeri vardır. Bu layihələrə böyük vəsaitlər qoyulub, müasir texnikalar cəlb olunub. Aparılan uğurlu infrastruktur işlərinin nəticəsidir ki, Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan su anbarının yenidən qurulması, Taxtakörpü, Şəmkirçay və s. su anbarlarının imkanlarından bu gün respublikanın müxtəlif zonalarında yaşayan əhali yararlanır. Beləliklə, 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, bu gün bu rəqəm 70 faizə çatıb. Regionlarda isə bu göstərici 9 faizdən 63 faizə çatdırılıb. Bu, böyük uğurdur.
İçməli suyun keyfiyyəti onun şəffaflığı, rəng, dad və iyinə, mikroorqanizmlərlə zədələnməsinə və həmçinin onda həll olmuş maqnezium və kalsium duzlarının miqdarına görə müəyyən edilir. Cod suda tərəvəz pis bişir, çay yaxşı dəm almır. İlk növbədə insanların sağlamlığı içməli, təmiz sudan asılıdır. İqtisadi sahədə də qeyri-neft sektorundan gələn gəliri artırmaqda suyun rolu və əhəmiyyəti böyükdür. Lakin vacib bir faktı da qeyd etmədən keçmək olmaz ki, Araz çayının mənfur qonşumuz Ermənistan ərazisindən keçən hissəsi sənaye və məişət-çirkab tullantıları ilə həddən artıq çirklənmişdir. Bu da öz növbəsində Arazyanı sahəhələrin kənd təsərrüfatında istifadəsini azaldır. Ümid edirik ki, bu məsələ də beynəlxalq müstəvidə öz lazımi həllini tapacaqdır.
   Müşavirənin sonunda ölkə başçısı cənab İlham Əliyev suyun həyat və inkişaf üçün müstəsna əhəmiyyətini nəzərə alaraq su ilə bağlı itkilərin kəskin azaldılması, xarici mütəxəssislərin cəlb olunması, qanunsuz qoşulmaların tezliklə aradan qaldırılması məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi istiqamətində müvafiq orqanlara göstərişlərini verdi.
   Xüsusilə dünyanı ağuşuna almış Covid 19 virusunun ciddi həyat təhlükəsi yaratdığı bu günlərdə ölkə əhalisinin həm günlük tələbatını, həm də gigiyenik qaydalara əməl etməsini əsas tutan ölkə başçısının xalqa bu mövzuda dəstəyi ruh yüksəkliyi yaradır, daha firavan gələcəyə inamını artırır.

Alnağıyeva  Vəfa  Vaqif qızı 
149 saylı məktəbin 
Tərbiyə işləri üzrə direktor müavini

Keçidlər