Şriftin ölçüsü :

Saytın rəngi :

Su həyat mənbəyidir

25 iyul 2020 | 16:00
Son illər ərzində dünyanın bir çox bölgələrində yaşayan əhali su çatışmamazlığı problemi ilə üz-üzə qalmaqdadır. Bu, bir tərəfdən əhalinin qlobal miqyasda artımı və bununla əlaqədar məişət, təsərrüfat, həmçinin sənaye-texniki tələbata olan su ehtiyacının artması, digər tərəfdən də çox vaxt heç bir zərurət olmadan su israfçılığlına yol verilməsilə bağlıdır.
Bu mənada axır zamanlar respublikamızda da  su qıtlığı problemləri yaşanmaqdadır.  Bu cür hallar hələ ki, özünü  süni suvarmaya əsaslanan  təsərrüfat sahələrində büruzə verməkdədir. Bütün sosial-iqtisadi sahələrdə olduğu kimi,  su təsərrüfatındakı mövcud problemlərin həlli və aradan qaldırılması da gündəlik olaraq ölkə rəhbərliyinin nəzarəti altındadır. Cari il iyuliun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında  keçirilən ölkəmizdə su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə  mövcud problemin hərtərəfli həlli istiqamətində ciddi bir addımdır. Cənab Prezidentimiz müşavirədə çıxışı zamanı qeyd etmişdir ki, ölkəmizdə bütün infrastruktur layihələr ardıcıl şəkildə icra edilməkdədir. Infrastruktur layihələr içərisində  isə su layihələrinin xüsusi yeri  vardır. Çünki su həyat deməkdir. Insanların sağlamlığı ilk növbədə  təmiz işməli sudan asılıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  2004-cü ildə Azərbaycanda  içməli su ilə  təminat  40 faiz təşkil edirdi.  Hal-hazırda isə bu rəqəm 70 faizə çatmışdır. O zaman Bakı şəhərində əhalinin cəmi 29 faizi davamlı olaraq  içməli su ala bilirdi. Indi isə bu rəqəm 82 faizə çatıbdır. Bölgələrimizdə isə əhalinin içməli su tələbatı cəmi 9 faiz ödənilirdi. Bu gün həmin rəqəm 63 faiz  təşkil edir.

    Bu sıradan  son illər respublikamızda fəaliyyətə başlayan Oğuz-Qəbələ-Bakı su kəməri, 30 min hektar suvarılmayan torpaqlara suyu yetən 270 milyon kubmetr su tutumlu Taxtakörpü su anbarı, Ceyranbatan su anbarının yenidən qurulması, su tutumu 165 milyon kubmetr təşkil edən Şəmkirçay su anbarı, həmçinin Göytəpə və Tovuzçay su anbarlarının əhəmiyyəti çox böyükdür.
    Lakin bununla belə, son illər ərzində xüsusən təsərrüfatsızlıq və əhəmiyyətli dərəcədə su itkilərinə yol verilməsi,  bir sıra hallarda aidiyyatı qurumların laqeydliyi, yaranan problemlərdən yayınma cəhdləri suyun çatışmamazlığına, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə böyük ziyan vurmaqdadır. Müşahidələr göstərir ki, taxılçılıqda, yemçilıikdə, pambıqçılıqda, habelə heyvandarlıqda daha yüksək nailiyyətlər qazanmaq olardı. Halbuki bir çox sahələrdə suya qənaət olunnmur. Pulunu verirəm deyə, gərək olmadan  böyük su məsrəflərinə yol verilir. Ona görə də itkilərin kəskin azaldılması ilə bağlı (bəzən bu sahədə itkilər 40-50 faiz təşkil edir) kompleks tədbirlərin görülməsi çox vacibdir. Təəssüf və və  təəccüb doğuran odur ki,  bəzi hallarda itkilər süni şəkildə  şişirdilir. Cənab Prezident müşavirədə vurğulamışdır ki, bunlara qarşı effektli mübarizə aparmaq üşün yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb olunmalıdırlar. Digər tərəfdən, su ehtiyatlarının qiymətləndirilməsində və onların yerli mənbələrinin aşkarlanmasında, bu sahədə ən müasir innovasiyaların tətbiqində, peşəkarların və mütəxəssis alimlərin bu sahəyə cəlb edilməsində, respublikamızın su təsərrüfatında fəaliyyət göstərən “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, habelə Fövqəladə Hallar Nazirliyi,      Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün səy və bacarıqlarını birləşdirərək  qısa müddət ərzində bu problemin həllinə nail olmalıdırlar. Zənn edirik ki, bir neçə milyonluq əhalinin yaşadığı Bakı şəhərinin həm bütövlükdə özünün, həm də  rayonlar üzrə  su balansını, əhalinin su istehlakını, mövcud infrastruktura gərək olan  su ehtiyatlarıını hərtərəfli öyrənmək lazımdır. Artıq bəzi ölkələrin təcrübəsində tətbiq edilən dəniz suyunun şirin suya çevrilməsi, istifadə edilən su ehtiyatlarının təkrar emalı təcrübəsinə yiyələnmək lazımdır. Vaxtilə Abşeron yarımadasında istifadə edilən  əl quyularının, həmçinin son illərə qədər paytaxtımızın ətraf yaşayış məntəqələrində həm təsərrüfat, həm də məişətdə və içməyə yararlı  suları olan su mancanaqlarının (kaçalka) yenidən istifadə ehtimalları nəzərdən keçirilməlidir. Məsələn, iqtisadi-statistik ədəbiyyatlarda qeyd edilmişdir ki, XX əsrin əvvəllərində Abşeron yarımadasında  23 mindən yuxarı yararlı içməli suya malik əl quyuları olmuşdur. Həmin sular quyulardan 10 üsula əsaslanan kustar vasitə ilə çıxarılıbmış. Bundan başqa, onillər boyu minlərlə mexaniki, həmçinin motor quraşdırılmış mancanaq qurğuları da su çıxarmaqda əsas vasitə  olmuşdur.
   Yeri gəlmişkən, Xəzər rayonunun bu günkü su təsərrüfatı ilə bağlı bir neçə faktı da xatırlatmağı məqbul hesab edirik. Məsələn, 2020-ci ilin ortalarına olan məlumata görə hazırda Xəzər rayonunda 45 min 300 nəfər içməli su abonenti vardr. Aylıq su məsrəfi 2 milyon 250 min kubmetrdir. Rayonda 12 su anbarı (Qala qəsəbəsində 2 ədəd, Buzovna qəsəbəsində 3 ədəd, Şüvəlan qəsəbəsində 2 ədəd, Şimal DRES-də 2 ədəd, Zirə qəqəbəsində 2 ədəd, Binə qəsəbəsində  isə 1 ədəd) fəaliyyət göstərir. Içməli su xətlərinin ümumi uzunluğu isə 1132 km-dir.  Mütəxəssislər Xəzər rayonunda içməli suyun keyfiyyətli olduğunu etiraf edirlər. Artıq illər boyudur ki, bütün qəsəbələrdə  içməli su çəkilişi  müntəzəm olaraq davam etməkdədir.  Hal-hazırda 45 mindən yuxarı  vətəndaşın ünvanına su sayğacları quraşdırılmışdır.
   Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə verilən tapşırıqlar və tövsiyələr su təsərrüfatına aid qurumlar tərəfindən operativ surətdə öz həllini tapacaq və ölkəmizdə bu sarıdan heç bir problem yaşanmayacaqdır. Həmişə olduğu kimi bu məsələnin həlli istiqamətində həm      Xəzər rayonunun aidiyyatı qurumları aktiv səylər göstərəcək, həm də sakinlərimiz vətəndaşlıq mövqeyi sərgiləyəcəklər.

Həkim Ziya Təvəkkül oğlu
Xəzər rayon Ziyalılar Cəmiyyətinin üzvü

Keçidlər