Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət hər zaman xalqın qayğısındadır

23 iyul 2020 | 16:00
   “İnsanı yaşat ki, dövlət yaşasın” – bu prinsip daim Azərbaycan xalqının mənafeyini və vətəndaşının təhlükəsizliyini düşünən dövlətimizin üstün tutduğu prinsiplərdən biridir ki, son zamanların hadisələri də bunu bir daha bəyan edir. Heç kəsə sirr deyil ki, 30 ildən çox təcavüzkar Ermənistanın həm silahlı, həm siyasi provakasiyalarına qarşı mübarizə aparan ölkəmiz iyul ayının ortalarında yenidən düşmənlə üzüzə gəldi.
Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası məhv edildi, canlı qüvvəsi darmadağın edildi. Əsgər və yüksək rütbəli bir neçə zabitimiz qəhrəmancasına şəhid olsa da, qanları yerdə qalmadı, qisasları alındı. Bütün bu hadisələr ölkəmizdə dövlət və xalq, xalq və ordu, xalq və Prezident birliyini yenidən təsdiq etdi.

Azərbaycan ordusu bu təcavüzün qarşısını qətiyyətlə alsa belə, əfsuslar bu hücumlar nəticəsində neçə-neçə qəhrəman oğullarımızı bayrağa büküb son mənzilə yola saldıq, onların doğmalarını təsəlli etməyə söz tapmadıq. Şəhidlərimiz xalqımız, Vətənimiz üçün öz canlarını qurban verdi və onlar öz qanları ilə Azərbaycan xalqının nə qədər mübariz, vətənpərvər olduğunu bir daha sübut etdi. Əlbəttə, nə şəhid adı, nə də hər hansı imtiyaz qəhrəman oğul və qızlarımızın Azərbaycan uğrunda keçdikləri canla qiyaslana bilməz. Ancaq illərdir ki, torpaqlarının geri qaytarılması üçün mübarizə aparan, torpaqlarının 20 faizdən çoxu işğal altında olan bir ölkədə şəhidlik qürürdur və ölkənin hər bir vətəndaşı və ən əsası dövlət şəhid ailələrinə hörmətin vacibliyini anlayır. Qəhrəman şəhidlərimizin xatirəsi hər zaman xalqımız və dövlətimiz tərəfindən əziz tutulub və onların ailələrinin hər zaman qayğısına qalınıb.

     Prezident İlham Əliyev dəfələrlə şəhid ailələri ilə görüşdə vurğulayıb ki, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi onun fəaliyyətində daim prioritet təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtiadi siyasətin əsas istiqamətlərindən birini, məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət və pensiya ilə yanaşı, Prezident təqaüdü verilir.

   Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur. Bu dəfə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələrinin hərtərəfli diqqətlə əhatə olunması və onlara yüksək qayğı göstərilməsi nəzərdən qaçmayıb. Şəhid general-mayor Polad Həşimovun və şəhid polkovnik İlqar Mirzəyevin ailələrinə Prezident İlham Əliyev tərəfindən mənzillər ayrılıb. Onu da qeyd edək ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində də addımlar atılır. Həmçinin Birinci Vitse Prezident Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan12 hərbçi ilə bağlı Heydər Əliyev    Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Xatırlatmaq gərəkdir ki, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə7600-ə yaxın mənzil və fərdi ev verilib. Həmçinin şəhid ailələrinə birdəfəlik yardım göstərilib. Unutmaq lazım deyil ki, üzdəniraq düşmənin bu cür provaksiyaları yalnız ordumuza deyil, həm də mülki insanlarımıza və onların əmlaklarına da ziyan vurur.


    Son Tovuz hadisələri zamanı əsas ziyan Tovuz rayonunun 6 kəndinə-Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib –bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Prezident Sərəncamının icrası ilə bağlı artıq Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək.


   Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Görüləcək işlər yalnız Tovuz rayonu ilə bitmir. Cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. Aprel doyuşlərindən sonra da, Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam vəTərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iri çaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsindəyaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.


    Bütün bu sadalananlar onu göstərir ki, Azərbaycan dövləti və onun rəhbərliyi ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Vətənpərvər Azerbaycan gəncləri bu gün özünü Vətənin əsgəri hesab edir və düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdır. Onlar həm gələcəyə həm də öz dövlətinə inanırlar.
Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.

 


Nazilə Məmmədova
Xəzər rayonu 181 nömrəli məktəbin direktoru

Keçidlər