Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı
Məlum olduğu kimi son 17 ilə yaxın zaman kəsiyində Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Bu mənada şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim dövlətimizin diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülməkdədir. Başqa sözlə, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlətimiz tərəfindən nəzərdə tutulmuş evlərin, habelə fərdi nəqliyyat vasitələrinin təqdim edilməsi üçün olduqca fəal işlər aparılır. Özü də heç kəsə sirr deyil ki, bu məqsədlərdən ötrü böyük vəsaitlər nəzərdə tutulur və dövlət büdcəmizin böyük hissəsi məhz sosial məsələlərin həlli istiqamətinə yönəldilir. Sosial xərclərin içində şəhid ailələrini, müharibə veteranlarını, müharibə əlillərini, həmçinin məcburi köçkünləri əhatə edən olduqca böyük proqramlar icra olunub və olunmaqdadır. Bu istiqamətdə diqqətçəkən məqam bir də ondan ibarətdir ki, həmin kateqoriyadan olan insanlara artıq özəl sektor da yaxından kömək edir, öz vəsaitləri hesabına tikdirdikləri evlərdən, necə deyərlər, ürək genişliyi və böyük səmimiyyətlə ehtiyacı olan həmən insanlara təqdim edirlər. Bu isə ölkəmizdə, yəni insanlarımız arasında mövcud vətəndaş həmrəyliyinin bir nümunəsi kimi diqqəti cəlb edir. Digər tərəfdən isə bu, dövlət və özəl sektorun həmin kateqoriyadan olan insanlara diqqətin nişanəsi olaraq ölkəmizin gücünün, qüdrətinin göstəricisidir. Bu vəhdətin mövcudluğu və gündən-günə daha da möhkəmkənməsinin nəticəsi olaaraq dövlətimizin böyük iqtisadi potensialı yaranmış və nəzərdə tutulan bütün sosial layihələr uğurla yerinə yetirilir. Başqa sözlə, güclü sosial siyasətimiz məhz güclü iqtisadi gücümüzə əsaslanır.
Cari il iyul ayının 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdimedilmə mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti və birinci xanım Mehriban Əliyeva da iştirak etmişlər. Ölkəmizin rəhbəri möhtərəm İlham Əliyev cənabları mərasimdəki çıxışı zamanı qeyd etmişdir ki, son illər ərzində 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilmiş, onlara 7 minə yaxın avtomobil verilmişdir. Bu il üst-üstə 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunacaqlar. Bundan əlavə bu kateqoriyadan olanlar üçün daha 400 avtomobil ayrılması nəzərdə tutulmuşdur. Cənab İlham Əliyeb vurğulayıb ki, “mən istəyirəm biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
Yeri gəlmişkən, şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artırılıb. Cari ilin ilk altı ayında müharibə əlillərinə 1435 reabilitasiya vasitəsi verilibdir.
Yaxud, ötən il ölkə vətəndaşlarının sosial problemlərinin həllindən ötrü bir neçə milyard manat pul xərclənmişdir. Bu il isə pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunmuşdur. Əhalinin digər təbəqələri müntəzəm olaraq sosial yardım proqramlarından yararlanmaqdadırlar. Məsələn, bu il pensiyalar orta hesabla 27 faiz, orta əmək haqqı isə 25 faizədək artırılıb. Özünüməşğulluq proqramı müvəffəqiyyətlə icra olunmaqdadır. Belə ki, bu il bu işlərə 12 min adamın cəlb olunacağı nəzərdə tutulmuşdur. Il ərzində neftin qiymətinin bir neçə dəfə qalxıb düşməsinə baxmayaraq ölkəmizdə cənab Prezidentimiz İlham Əliyevin düzgün istiqamətləndirilmiş siyasəti nəticəsində bir dənə də olsun sosial layihə ixtisar edilməmişdir. Azərbaycanın həm xarici, həm də daxili siyasətinin məqsəd və amalı dövlətimizin daha da qüdrətli olmasına, insanlarımızın daha firavan yaşamasına yönəlmişdir. Pandemiya böhranı hələ ki, tüğyan etməkdədir. Məlumatlara görə dünyanın 150 ölkəsi kreditlər almaqdan ötrü beynəlxalq maliyyə qurumlarına müraciətlər etmişlər. Halbuki, Azərbaycan bu siyahıda yoxdur. Yəni Azərbaycan iqtisadiyyatının düzgün, zamanın tələblərinə tam uyğun udarə olunmasının nəticəsidir ki, biz, necə deyərlər öz hesabımıza yaşamaqdayıq.
Yeri gəlmişkən, ölkə başçısı möhtərəm İlham Əliyev cənabları Xətai rayonunda şəhid ailələri və müharibə əlilləri ilə görüş zamanı Xalq Cəbhəsinin, həmçinin özünü Milli Şura adlandıran, əslində isə antimilli qruplaşma kimi fəaliyyət göstərən mənfur dəstə üzvlərinin xəyanətkar niyyətlərindən də bəhs etmişdir. Bu ilin 12 iyulundan etibarən Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində mənfur qonşuların gözlənilmədən xəyanətkar hücumu zamanı Milli Ordumuz tərəfindən düşmənə sarsıdıcı zərbə vurulmuşdur. Başından zərbə alan düşmən hələ də özünə gələ bilməyir. Son bir neçə il ərzində onlar artıq üçüncü dəfədir ki, bu cür zərbələrə məruz qalırlar. Azərbaycan Ordusunun sonuncu uğurlu qisas əməliyyatını qeyd etmək, həmçinin dövlətimizə, ordumuza dəstək vermək məqsədilə on minlərlə soydaşımız gecə ikən uzun məsafələri qət edərək piyada Şəhidlər Xiyabanına yürüş etmişlər. Insanın qəlbini riqqətə gətirən bu coşğu sözün həqiqi mənasında vətəndaş həmrəyliyinin rəmzi idi. Lakin yürüşün sonunda xaricdən idarə olunan bəzi çirkin, destruktiv ünsürlər, siyasi marionet olan 5-ci kolon təmsilçiləri populist bağırtılar altında Milli Məclisə soxularaq orada dağıntılar törətmiş, nəqliyyat vasitələrinə xətər yetirmiş, polisin qanuni tələblərinə məhəl qoymadan təhdidedici hərəkətlər göstərmiş və zor tətbiq etmişlər. Azərbaycan polisi isə təmkin və səbr göstərməklə həmin yaramaz ünsürləri geri oturdaraq dərslərini vermişdir.
Keçən əsrin 90-cı illərində Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz, xəyanətkar mahiyyətli fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızın iyirmi faizini itirməli olduq. Biz hamımız o günləri yaxşı xatırlayırıq. Hər bir azərbaycanlı bu gün aydın dərk edir ki, o zaman Ulu Öndərimiz hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycanın müstəqil ölkə olaraq mövcudluğu şübhə altında ola bilərdi. Ona görə də İlham Əliyev cənablarının dediyi kimi həmin ünsürlərin bu günkü davamçıları “ermənilərdən də pisdir”. Onlar bu gün də öz əməllərindən əl çəkmək istəmirlər, onlar düşmən dəyirmanına su tökərək yenidən Azərbaycanı, torpaqlar əldən gedən dövrdəki hala salmaq niyyətlərini ortaya qoyaraq xəyallarından keçirirlər ki, yenə də hakimiyyətdə olduqları zamandakı kimi ölkəmizi Ermənistan qarşısında aciz, gücsüz, silahsız qoya bilərlər. Onlar öz davranışları ilə ölkəmizi 90-cı illərin qara günlərinə qaytarmaq istəyərdilər. Axı Xalq Cəbhəsinin bir çox xəyanətkar üzvləri torpaqlarımız əldən gedən vaxtlarda Bakıda vətəndaş müharibəsinə start verərək əhali arasında itaətsizlik sindromu yaratmış və zor gücünə hakimiyyətə yiyələnmişdilər. Onların bəzilərinin başında hələ də bu xülyalar qalmaqdadır. Lakin həmin satqın ünsürlərin arzuları ürəyində qalacaq. Ancaq atalar demişkən “ac toyuq yuxuda darı görər”. Onlar unudurdular ki, Azərbaycanda xalqın dəstəklədiyi bir hakimiyyət mövcuddur. Istər daxili xəyanətkarlara, istərsə də düşmənə tərsinə sərt şillə vuracaq gücündə olan dövlətimiz vardır. Xalqının dəstəyini qazanan dövlət heç bir qüvvə ilə heç vaxt məğlub edilə bilməz.
Deyir, Allah birini cəzalandırmaq istəyəndə əvvəl onun ağlını başından alır. Allah bu namərdlərə ağıl versin.
Nəhayət, ürəyim dolu olsa da yazının həcm məhdudiyyətini nəzərə alaraq sözümü möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Xətaidəki mərasimdə etdiyi möhtəşəm çıxışı zamanı bildirdiyi fikirlərlə bitirmək istəyiəm: Biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənib və biz istədiyimizə nail olacağıq. Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaqdır.
professor T.Q.Səlimov
Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri