Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Noyabrın 19-da YAP Xəzər rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirib. Tədbirdə YAP icra katibinin müavini Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, deputat Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyətinin başçısı Gülağa İslamov və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Xəzər rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov açaraq partiyanın keçdiyi şərəfli yoldan geniş bəhs edib. N.Əhmədov qeyd edib ki, 1992-ci il noyabrın 21-də təsis konfransını müxtəlif bölgələrdən olan 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıraları çox keçmədən kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. Partiyanın şəhər və rayon təşkilatları təsis olunub. Onlar da özlərində ərazi ilk partiya təşkilatlarını birləşdirir. 21 illik tarixdə şərəfli yol keçən YAP biri-birindən əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırır. Bu gün partiyanın sıralarında 600 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov tədbirdə çıxış edərək bildirib ki, yarandığı gündən partiya siyasi mübarizələrlə zəngin bir yol keçib. “Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qarantıdır”, - söyləyən S.Novruzov “partiya hansı zərurətdən yaranıb” sualının daha dolğun şəkildə izahını ulu öndər Heydər Əliyev 91-lərin müraciətinə cavabında diqqətə çatdırıb. Həmin müraciətdə ümummilli lider Heydər Əliyev bildirib: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
S.Novruzov partiyanın bugünkü uğurlarının gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verdiyini diqqətə çatdırıb: “YAP ölkədə keçirilən bütün seçki proseslərində uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir”.
Toplantıda çıxış edənlərdən Milli Məclisin deputatı Rauf Əliyev ölkəmizin uğurlarından danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olub. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov paytaxt və bölgələrdə geniş vüsət alan abadlıq, quruculuq işlərindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin hərtərəfli inkişafı təmin edilib, Azərbaycan dinamik iqtisadi inkişafı ilə dünyanın diqqətindədir.
Toplantıda digər çıxış edənlər də partiyanın bu gün nəinki ölkəmizdə, regionda aparıcı siyasi təşkilat olduğunu qeyd ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının fəallarına Fəxri Fərmanlar təltif edilib.