Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın sərhədimizdə hərbi təxribat törətməsi məqsədyönlü xarakter daşıyır

17 iyul 2020 | 16:00

  Son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş verən hadisələr ermənilərin faşizm ideologiyasına sadiqliyini bir daha göstərdi. Bu, işğalçı qüvvələr tərəfindən həyata keçirilən ilk hərbi təxribat deyil. Son bir neçə ay ərzində belə hərbi təxribatlar nəticəsində cəbhə bölgələrində hərbçilərimiz, mülki şəxslər həlak olublar.
   İyulun 12-də də isə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə belə bir təxribat törətdikdən sonra işğalçı ölkə hər zaman olduğu kimi, bu dəfə də   səbəbkar kimi Azərbaycanı göstərməyə cəhd etdi. Halbuki bu, heç bir məntiqə sığmır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla bağlı deyib: “Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunubdur. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı bir hərbi planımız yoxdur və prinsip etibarilə hərbi məqsədlər nöqteyi-nəzərdən bunun heç bir əhəmiyyəti yoxdur. Üstəgəl Ermənistan dırnaqarası “Azərbaycan diversiyasını” əsaslandırmaq üçün çox ağılsız və hesab edirəm ki, onların səviyyəsinə uyğun səbəb göstərməyə cəhd etdi. Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir?”.
   Xatırladım ki, işğalçı ölkənin Tovuz istiqamətindəki ilk təxribatından dərhal sonra operativ tədbirlər nəticəsində Ermənistan ordusuna layiqli cavab verildi. Buna baxmayaraq, erməni tərəfi yenə də çirkin əməllərindən çəkinmədi və növbəti dəfə hərbi müdaxilə etdi və yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 76 yaşında ağsaqqal Əziz Əzizov həlak oldular. 
   Yeri gəlmişkən, onu da qeyd edim ki, Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyil. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Lakin həmin vədlər indiyədək söz olaraq qalıb. Əvəzində Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunub və diktatura hökm sürüb. Ona görə də Ermənistan rəhbərliyi ictimai fikri bu əsas problemlərdən yayındırmaq üçün məhz belə bir təxribata əl atıb.
   Dövlətimizin başçısı Nazirlər Kabinetinin son iclasındakı çıxışında əməliyyat zamanı düşmənə sarsıdıcı zərbələr vurulduğunu, onlarla erməni hərbçisinin məhv edildiyini, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsinin dəqiqliklə dağıdıldığını və bununla da Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdiyini diqqətə çatdırdı. Eyni zamanda, bu əməliyyatın Ordumuzun şanlı tarixində öz yeri olacağını xüsusi vurğuladı.  
    Azərbaycan Prezidentinin nitqində qeyd etdiyi kimi, bu əməliyyat Azərbaycanın növbəti şanlı qələbəsidir. Buna qədər isə 2016-cı ildə Aprel döyüşlərində düşmən sarsıdıcı məğlubiyyətə uğradılıb, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad edilib, həmçinin iki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən azad olunub və işğalçılar o bölgələrdən qovulub. Hazırda geri qaytarılan həmin strateji yüksəkliklər Azərbaycana Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət etmək imkanı verir. Belə ki, Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu Azərbaycanın nəzarəti altındadır, vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal edən Ermənistan qüvvələri həmin ərazilərdən qovularaq çıxarılıb, o torpaqlarda Azərbaycan bayrağı ucaldılıb.
    Ordumuzun uğurlu əməliyyatı və əldə edilən nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaradıb, xalqımızı coşdurub. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə belə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir parlaq nümunədir.

http://xalqqazeti.com/pdf/xalq%2017%20july%20OPT.pdf

Həzərxan ƏBİLOV,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin sədri

Keçidlər