Ermənistan sərhəddə təxribat törətməklə diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır
Təcavüzkar Ermənistanın silahlı qüvvələri atəşkəs rejimini kobud surətdə pozaraq Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçiblər.
Həmişə olduğu kimi bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə düşmənin hücum cəhdinin qarşısı qətiyyətlə alınıb, düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib və tələfat verərək geri oturdulub. Ermənistan bu kimi təxribatlara əl ataraq üzv olduğu hərbi siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa cəhd göstərir. Bu təxribatı törətməklə Ermənistan rəhbərliyi eyni zamanda öz yarıtmaz, günü-gündən nüfuzdan düşən siyasəti nəticəsində koronavirus pandemiyasının Ermənistanda geniş yayılması ilə ölkədə kəskinləşən sosial-iqtisadi böhran fonunda diqqəti ölkədaxili problemlərdən yayındırmağa çalışır.
Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Onun sözlərinə görə, Ermənistan BMT Nizamnaməsi və digər beynəlxalq hüquq öhdəliklərini kobud surətdə pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə 20% torpaqlarımızı işğal edib və BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq işğalı davam etdirir:
"Ermənistan tərəfindən sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut edir.
Koronavirus pandemiyasına qarşı bütün düya ölkələrinin çətin bir şəraitdə mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi təcavüzkarın əsl simasını bir daha bütün dünyaya göstərdi. Bütün dünya birliyi təcəvüzkar Ermənistanın Azərbaycana qarşı bu növbəti təxribatını, işğalçılıq siyasətini pisləməlidirlər.
Azərbaycanınrəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycan bu münaqişənin dinc yolla, danışıqlar vasitəsi ilə həll edilməsinin tərəfdarıdır. Ancaq Ermənistan təcavüzkar niyyətindən əl çəkməzsə, Azərbaycan mövcud beynəlxalq normalara uyğun olaraq istədiyi vaxt öz ərazi bütövlüynün bərpa edilməsi və işğal altındakı torpaqları azad etmək hüququndan istifadə edəcək".
https://az.trend.az/azerbaijan/politics/3268795.html?fbclid=IwAR21wYBWQWxe-8hFAEvrEKEDmBJ97VoeqpUk_bMyQYcjA1B0hWNgGtrbLqU