Ali Baş Komandanın Ordu quruculuğu və siyasi kursu
Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırki mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları ölkəmizdə ordu quruculuğunun yeni mərhələsinin başlandığını elan etmişdir. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda Bakıda 2 dəfə keçirilən möhtəşəm hərbi paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm də dünyaya nümayiş etdirilmişdir.
Umummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna xüsusi diqqətlə yanaşır. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə barəbər, zabitlərin məişət problemləri də həll olunur. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbiçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbiçilər mükafatlandırılır.
Xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb.
Qürurverici haldır ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə bu dövrdə silah və hərbi texnikaların satın alınmasına və hərbi məhsulların istehsalına dair əməkdaşlıq əlaqələri genişləndirilməklə bir sıra ölkələrlə müqavilələr imzalanıb.
Bu gün dövlət qayğısı ilə hərtərəfli əhatə olunmuş Silahlı Qüvvələrimiz əldə edilmiş nailiyyətlərlə kifayətlənmir, torpaqlarımızın ərazi bütövlüyünü və müstəqil dövlətçiliyimizi qorumağa qadir olan bütün imkanları səfərbər edir.
Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Dövlət başçısının da öz çıxışında qeyd etdiyi kimi, biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüquq normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar edir. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşakarlığa malikdir. Nəyi əldə etmişiksə, dövlət başçısının düzgün siyasətinin, dövlətimizin gücünün hesabına əldə etmişik. Əgər dövlətimiz güclü iqtisadiyyat qurmasaydı, nəhəng neft - qaz lahiyələri icra etməsəydi bu vəsaiti əldə edə bilməzdik. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir.
Ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır. Bütün hərbi hissələrin ideoloji vəziyyətinə xüsusi əhəmiyyət verilməlidir. Tarixi həqiqətlər bizə doğru formada çatdırılmayıb. Dövlət başçısı vurğulayıb ki, günah bizdə deyil, çünki belə oxumuşuq, bizə belə dərs veriblər, sovet vaxtında tarix dərsliklərimizin çoxu saxta idi və Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. Müasir gənclərimiz ölkənin real tarixini öyrənməli, eləcə də bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb. Bugünkü Ermənistan xəritəsində coğrafi məkanların əsl adlarını bilməlidirlər.
Azərbaycan Silahlı Qüvvələri həm 2016-cı il, həm də 2018-ci illərin hərbi əməliyyatlarında böyük bir ərazini işğalçılardan azad etdi və torpaqlarda bayrağımızı dalğalandırdı. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi işğalçılardan azad olundu. Ərazi bütövlüyünü bərpa etmək üçün döyüş qabiliyyətinin artırılması istiqamətində bu gün də dövlət başçısının göstərişi ilə əlavə addımlar atılır.
Ermənilər işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparırlar. Artıq dərin böhran içində olmaqla yanaşı, həmçinin Ermənistanın müstəqillik tarixinin rüsvayçılıq tarixi olduğunu bildirən Prezident İlham Əliyev 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslərin cinayətkar kimi bir çoxunun həbs edildiyini vurğulayıb və qeyd edib ki, Ermənistanda hakimiyyət bölgüsü tamamilə pozulub, qanunverici hakimiyyət, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və ona görə Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaqdır.
Bütün bunlar bunu söyləməyə əsas verir ki, müstəqil ərazi siyasəti yürüdən Azərbaycanla təcavüzkar, eləcə də faşist ideologiyası yürüdən, terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanı heç bir sahədə müqayisə etmək olmaz. Qeyd etmək lazımdır ki, son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmalar, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil çoxşaxəli və milli maraqlara söykənən xarici siyasi kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmda cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və siyasi əhəmiyyətli bir sıra problemlərin həllində aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə də hesablaşırlar.
Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını da bildirib. Eyni zamanda bu mübarizədə ədalətin Azərbaycan tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.
Nazilə Məmmədova
Xəzər rayonu təhsil işçisi
http://tehsil.im/?m=yazi&id=5809