Ermənistanda siyasi böhran daha da dərinləşir
Son vaxtlar işğalçı Ermənistanda baş verən hadisələr ölkə rəhbəri Nikol Paşinyanın dövləti idarə etmək qabiliyyətində olmadığından xəbər verir. Xüsusilə, dünyanın başı üzərini koronavirus təhlükəsi alan vaxtdan Ermənistanın çaşqın hala düşməsi, ölkənin belə ağır vəziyyətlərdən çıxmasına hazır olmaması iqtisadiyyatın çox zəif olduğunu üzə çıxardı. Əsas fəaliyyətini populist çıxışlar üzərində quran, bununla da əhalinin diqqətini ölkədə baş verənlərdən yayındırmağa çalışan Nikol Paşinyanın koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşdığı bəlli oldu. Pandemiyanın yoluxma sayının sürətlə artmasının qarşısını ala bilməməsi və digər səbəblər artıq onun sosial dayaqlarını itirir.
Yaxın günlərdə Ermənistan daxilində bomba kimi partalayış effekti yaradan istefalar yaşanması, Paşinyan iqtidarının çökdüyündən xəbər verir. Xatırladaq ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Polis rəisi Arman Sarkisyan eyni gündə istefa məktublarını prezident Armen Sarkisyana təqdim ediblər. Ermənistan hakimiyyəti bu istefalara özlərinə sərf edən şəkildə don geyindirməyə çalışsalar da, mümkün olmadı. Çünki artıq baş nazirin tərəfdarları da onu ölkəni idarə edə bilməməkdə açıq şəkildə ittiham etdi. Parlamentdə hakim partiyadan sonra ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyanın son dövrlər hökumətin pandemiya qarşısında aciz qalmasını əsas gətirərək, tez-tez tənqidi çıxışlar etməsi, eyni mətnli tənqidlərin üçüncü böyük fraksiya olan “İşıqlı Ermənistan” Partiyası tərəfindən də səsləndirilməsi artıq Nikol Paşinyan iqtidarının sonunun çatmasından xəbər verir. Söz yox ki, N.Paşinyan bu etirazların qarşısını zor tərbiq etməklə almaq istəyir və bununla da diktatorluğunu açıq şəkildə nümayiş etdirir.
Yerli kütləvi informasiya vasitələri, həmçinin tanınmış ictimai-siyasi xadimlər də etiraf edirlər ki, artıq baş nazir aqoniya vəziyyətindədir. Bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir. Guya, hakimiyyətə demokratik yolla gəldiyini iddia edən Nikol Paşinyanın parlamentin qarşısına toplaşaraq etiraz aksiyası keçirənlərə divan tutdurması, 100- dən artıq iştirakçının saxlanılması onun əsl diktatator oduğuna sübut deyilmi?. Baz nazirin müxalifət və Çiçəklənən Ermənistan Partiyası tərəfindən istefaya çağırış tələblərinin cavabı çox gecikmədi. Milli Təhlükəsizlik Xidmətinin Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. Bu da Paşinyanın “demokratik prinsiplərə” yaşıl işığının nəticəsi.
Artıq Ermənistanda “istefa” sədaları eşidilməkdədir. Paşinyanın diktatorluğuna cavab olara Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları iyunun 15- də Təhlükəsizlik Xidmətinin binası qarşısına toplaşaraq mitinq keçiriblər. Aksiya iştirakçılarının “Paşinyan get!”, “Sarukyan Baş nazir!” şüarları artıq Ermənistanı silkələməkdədir. Bu mitinqdə iştirak edən deputatlar da saxlanılıb.
Bütün bunlarda əsas məqsəd pandemiya dövründə çaşqın vəziyyətə düşmüş iqtidarın əhalinin sağlamlığının qorunması istiqamətində heç nəyə nail ola bilməməsini ört- basdır etməkdir. Çiçəklənən Ermənistan Partiyasının rəhbərinin verdiyi bəyanat da bunu təsdiqləyir. Bəyanatda qeyd edilir ki, hökumətin etiraz edənlərə aqressiv münasibəti pandemiya dövründə özünün bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışmasından xəbər verir. Qaqik Sarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub. Bu, deputata baha başa gəlib. Çünki Nikol Paşinyanın göstərişi ilə Baş Prokuror parlamentə müraciət edərək Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Sarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. Artıq məsələ parlamentdə müzakirə edilib və 87 səslə Sarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etməyib. Beləliklə, Sarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırıldı.
N.Paşinyan hökuməti, guya, Sarukyana qarşı hüquq çərçivəsində hərəkət edilməsi barədə məlumat yaysa da, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər. Təəssüf ki, özlərini “azadlıq carçısı” adlandıran bəzi beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq QHT-lər, ümumən bir sıra Qərb təşkilatları hələ də Ermənistandakı bu antidemokratik hərəkətləri sakitcə seyr edir, heç bir münasibət bildirmirlər. Bu da dünyada baş alıb gedən ikili standartların bariz nümunəsidir. Halbuki, bu hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ kobud şəkiləd pozulmuş, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmuş, yerli kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyətinə imkan yaradılmamışdır. Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınsa da, yenə də Ermənistana “gözün üstə qaşın var” -- deyən olmadı. Təəccüb doğuran məsələlərdən biri də odur ki, ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki bu ölkədə heç nə baş verməyib. Təbii ki, qərbin özünü görməzliyə vurması ilk hadisə deyil. Xatırlayırsınızsa, Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də heç bir beynəlxalq təşkilat, o cümlədən Qərb ölkələri susmağa üstünlük verdilər.
Jurnalistin həbsxanada aclıq etdikdən sonra dünyasını dəyişməsi Paşinyan hakimiyyəti üçün adi haldır. Çünki populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları hədələyir, təqib etdirir, hətta aradan götüzdürür. Küçə adamından da baş nazir olarmı? Əgər olarsa, sonu da belə nəticələnməlidir.
Artıq yerli əhalidə N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəklənməsi barədə heç bir şühbə qalmayıb. Ona görə də kimlərinsə sifarişlərini yerinə yetirmək məcburiyyətindədir.
Azərbaycanda baş verən kiçik bir hadisəni şişirdib, az qala, dünyaya yayan bəzi beynəlxalq təşkilaların Ermənistanda baş verənləri “görməməsi” siyasi korluqdur. Görəsən “siyasi korlar” işğalçı ölkədə baş verən bu özbaşınalıqları, kütləvi hüquq pozuntularını və repressiyaları nə vaxt “görəcəklər”?
Vüqar ƏLİYEV,
Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi