Şriftin ölçüsü :

Saytın rəngi :

“Microsoft” şirkəti Azərbaycanda iqtisadi islahatları yüksək dəyərləndirir

19 iyun 2020 | 16:00

   Azərbaycanda son illər ərzində reallaşdırılan sosial-iqtisadi islahatlarla yanaşı, innovativ tədbirlərin gerçəkləşdirilməsinə də   mühüm önəm verilir. Əlbəttə, belə bir yanaşmanın insan kapitalının inkişafında güclü təsiri danılmazdır və biz bunun müsbət nəticələrini, necə deyərlər, hər addımda hiss edirik. Başqa sözlə, respublikamızda innovativ həllərin diqqət mərkəzində saxlanılması  mükəmməl  idarəetmə, əlverişli biznes mühiti, bazarlara çıxış, həmçinin  texnologiyaların tətbiqini asanlaşdırıb, sadalanan sahələrin beynəlxalq normalar səviyyəsində qurulmasını gerçəkləşdirib. 

  Yuxarıda vurğulanan məsələnin həllində Azərbaycanla sıx əməkdaşlığı olan “Microsoft” şirkəti mühüm rol oynayıb. Bu qurumla respublikamız arasında yüksək səviyyədə iqtisadi   münasibətlər mövcuddur. Şirkət hazırda ölkəmizdə biznes, təhsil, bank, telekommunikasiya sahələri üçün bir sıra layihələr, həmçinin dövlət sektorunda informasiya proseslərinin avtomatlaşdırılmasına dair müəyyən layihələr həyata keçirir. Həmin layihələr açıq açar infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik, informasiya texnologiyalarının təhsildə tətbiqi və internet əşyalar texnologiyası və kadrların təlimi kimi sahələri əhatə edir. Ölkəmiz “Microsoft” ilə, həmçinin davamlı iqtisadi inkişafa nail olmaq üçün innovasiya strategiyasının hazırlanması istiqamətində ciddi layihələr də gerçəkləşdirir. 
  İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və qurumun digər nümayəndələri arasında videokonfrans keçirilməsi də  göstərir ki, beynəlxalq qurumlar, o cümlədən haqqında bəhs edilən “Microsoft” şirkəti tərəfindən Azərbaycan iqtisadiyyatına böyük inam bəslənilir.
Onu da qeyd edək ki, pandemiya şəraitində belə bir görüşün keçirilməsi həm də “Microsoft”un  respublikamızla əlaqələrini daha da genişləndirmək istəyindən xəbər verir. Bu isə təbii ki, bir az əvvəl bildirdiyimiz kimi, Azərbaycan iqtisadiyyatına olan inam və etimadın bariz ifadəsidir. Yeri gəlmişkən, videokonfransda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatların xüsusilə qiymətləndirilməsi və qeyd olunması da beynəlxalq aləmin Azərbaycan dövlətinə, onun  Prezidentinə yüksək etimadından xəbər verir. 
  Videokonfransda pandemiya dövründə Azərbaycanın həyata keçirdiyi tədbirlər, o cümlədən sahibkarların dəstəklənməsi ilə bağlı reallaşan islahatlar “Microsoft”un təmsilçiləri tərəfindən yüksək dəyərləndirilib. Eyni zamanda,  Azərbaycanın innovasiya və informasiya texnologiyası baxımından regionun aparıcı ölkələrindən biri olduğu xüsusi vurğulanıb.  Xüsusən də dördüncü sənaye inqilabı ilə bağlı regional fəaliyyətlərdə Azərbaycanın öndə olması, Davos İqtisadi Forumunun dördüncü sənaye inqilabı üzrə regional mərkəzin ölkəmizdə yaradılması ilə bağlı razılığın əldə edilməsi də onu göstərir ki,  Azərbaycan innovasiyanı dəstəkləyən, innovativ, eləcə də texnoloji inkişafa töhfə verən ölkələrdəndir. 
  Bunu videokonfransdakı çıxışlardan da aydın görə bilərik. Məsələn,  şirkətin vitse-prezidenti Filip Roq çıxışında Azərbaycanda pandemiyanın təsirinin kifayət qədər nəzarət altında saxlanıldığından, bu zaman insan amilinə mühüm önəm verildiyindən, vətəndaşların sağlamlığının qorunmasının prioritet istiqamət təşkil etdiyindən xəbərdar olduğunu bildirib. Filip Roq, eyni zamanda, “Microsoft”  texnologiyasının bu qeyri-adi zamanda harada ən səmərəli şəkildə istifadə oluna biləcəyini müəyyənləşdirmək üçün son bir neçə ayda bir çox dünya liderləri ilə ünsiyyət saxlanıldığını da vurğulayıb. Prezident İlham Əliyevlə videokonfrans keçirilməsi təşəbbüsü də məhz qeyd edilən fikirlə bağlı olub.  
  Dövlətimizin başçısı nitqində “Microsoft” şirkətinin   videokonfransı təşkil etmək təşəbbüsünü qiymətləndirdiyini,  pandemiyanın ənənəvi həyat tərzinə təsir göstərməsinə baxmayaraq, cəmiyyətin reallığa uyğunlaşdığını, həyatın öz axarı ilə davam etdiyini diqqətə çatdırıb.  Prezident İlham Əliyev, eyni zamanda, şirkətin vitse-prezidentinin Azərbaycanın pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərinini qiymətləndirdiyinə görə ona təşəkkürünü çatdırıb: “Həqiqətən də Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır. Eyni zamanda, biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk”.
  Azərbaycan Prezidenti çıxışında indiki fəaliyyət və gələcək planlar barədə də ətraflı məlumat verib. Pandemiyanın ölkəmizin iqtisadi artımına mənfi təsir göstərəcəyi əvvəlcədən bilindiyi halda əsas diqqətin insanların koronavirusdan qorunmasına yönəldildiyini qeyd edib: “Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. Lakin indi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın – təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Lakin, eyni zamanda, iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən, bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, çünki COVID-19 hələ də mövcuddur. Eyni zamanda, biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Beləliklə, ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə, ilk növbədə, pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda, biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik”.
  Dövlətimizin başçısı ilə bərabər, Prezidentin köməkçisi Şahmar Mövsümov,  Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə də çıxışlarında gələcək prioritet istiqamətlərə də toxunublar. Onlar süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması, habelə  kibertəhlükəsizlik ilə bağlı məsələlərin gündəlikdə durduğunu xüsusi qeyd ediblər. Bütün bunlarla bərabər, distant təhsil mövzusuna  yeni bucaqdan baxmağın zəruriliyi barədə fikirlərini xatırladıblar.   
   Filip Roq dövlətimizin başçısına“Microsoft”la əməkdaşlığa böyük önəm verdiyinə görə təşəkkürünü bildirərək deyib: “    Düşünürəm ki, bu, bizim əməkdaşlıq etdiyimiz əksər dünya ölkələrinin üzləşdiyi təcrübəyə və hazırkı mövqeyimizə uyğun gəlir. Təhsil mövzusuna gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi. O mənada ki, biz Sizin təxminən 1 milyon tələbəniz üçün əlaqə qura bilmişik. Düşünürəm ki, o vaxta kimi onların gələcəyinə heç nəyin mane olmamasını təmin etmişik və xoşbəxtlikdən biz evdəyik. Aydındır ki, bu, gələcək üçün vacib investisiyadır. Komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram”.
“Microsoft”un vitse-prezidenti şirkətinin evdən işləmə təcrübəsi barədə məlumat verərək bildirib ki, təmsil olunduğu  qurum bir çox ölkələrdə bu cür həll yollarının tətbiqini reallaşdırıb  və müəyyən vaxtlarda insanların infrastruktura təhlükəsiz çıxışını gerçəkləşdirmək üçün virtual iş masalarının yaradılması ilə çıxış edib. Kibertəhlükəsizlik məsələsinə toxunan Filip Roq bildirib ki, pandemiya dövründə kiberhücumların sayı artıb. “Microsoft”un vitse-prezidenti bu cür hücumların qarşısının alınması istiqamətində şirkətin gördüyü işlərdən, həmçinin  “bulud hesablamaları”ndan  da danışıb,  onun səmərəsi və əhəmiyyəti haqqında ətraflı məlumat verib.

http://xalqqazeti.com/az/news/50083

                                                                                                                                                                           Rəhilə BAXŞIYEVA,
                                                                                                                                                                                              təhsil işçisi

Keçidlər