Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır
Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin və milli dövlətçilik ənənələrinin qorunub saxlanılması istiqamətində atdığı addımlar yenicə müstəqillik qazanmış xalqımızın həyatında mühüm tarixi əhəmiyyət daşıyır. Azərbaycan öz dövlət müstəqilliyinə nail olduqdan sonra qarşısında suveren dövlət kimi formalaşmaq vəzifəsi dayanırdı. Amma bu vəzifə 90-cı illərin əvvəllərində yerinə yetirilmək şansından məhrum idi. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, işğalçılıq siyasəti Azərbaycanın müstəqil ölkə kimi dövlət quruculuğu işlərinə vaxt ayırmasına ciddi əngəllər yaradırdı
Digər tərəfdən isə, Azərbaycan suveren ölkə olduqdan sonra həm müstəqil dövlət quruculuğu ilə məşğul olmağa çalışan, həm də bu istəyi həyata keçirmək imkanlarına və təcrübəsinə yiyələnmiş rəhbərlərə malik deyildi. Bunun nəticəsində ölkədə daxili hərc-mərclik, başıpozuqluq və dərəbəylik yaranmışdı. İqtisadiyyat çox ciddi tənəzzülə düçar olmuşdu, insanların rifahı gündən-günə pisləşirdi. İctimai-siyasi ab-havanın korlanması və iqtisadi tənəzzül vətəndaşların sabaha inamını da tamamilə heçə endirmişdi. Beləliklə, həm Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın itirilməsi, həm də daxildə ictimai-siyasi vəziyyətin pisləşməsi nəticə etibarilə Azərbaycanda hər bir sahəni əhatə edən total böhranın yaranmasına gətirib çıxarmışdı.
Göründüyü kimi, həmin dövrdə Azərbaycanda nəinki dövlət quruculuğuna başlanılmadı, hətta müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Belə bir çətin məqamda Azərbaycan vətəndaşları ölkəmizi düçar olduğu vəziyyətdən xilas etməyin yollarını düşünürdülər. O zaman Azərbaycan cəmiyyətinin hər bir nümayəndəsi respublikamızın xilasını Heydər Əliyev şəxsiyyəti üzərində cəmləyirdi. İnsanlar ulu öndər Heydər Əliyevin həm dövlət xadimi kimi təcrübəsinə və səriştəsinə etimad göstərirdilər həm də Azərbaycanı böhrandan çıxarmağa qadir yeganə rəhbər olduğunu gözəl bilirdilər. Həmvətənlərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsinin zərurətini dərk etməklə yanaşı, eyni zamanda bu prosesin demokratik dəyərlər üzərində baş verməsinin təminatçısı kimi düşünürdülər. Beləliklə, Heydər Əliyevin tərəfdarları onun rəhbərliyi altında yeni siyasi partiyanın meydana gəlməsini vacib bilərək, ulu öndərin siyasi proseslərə bilavasitə müdaxilə etməsi və hakimiyyətə gəlməsi üçün demokratik vasitə hesab etdilər. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın təhlükəli böhrandan qurtulması istəyi ilə bilavasitə əlaqədar idi. Ulu öndər 1993-cü ilin iyununda çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına verdi, məsuliyyətdən çəkinmədi. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını da özünün strateji vəzifəsi saymışdır. Cəmiyyətin birliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda demokratik cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi dəyərlərin inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqilliyimizin möhkəmlənməsinə və daim olmasına yönəlib.
Ümummilli liderin dövlətçilik fəlsəfəsinin qayəsini təşkil edən mühüm məqamlardan biri də qanunun aliliyininin idarəetmə sisteminin əsas prinsiplərindən biri kimi təsbit edilməsi idi. Heydər Əliyev müdrik rəhbər olaraq hər bir fərdin azad, təhlükəsiz şəraitdə yaşaması naminə, ilk növbədə, respublikada qanunçuluğun və hüquq qaydalarının bərpasına nail oldu. Paralel olaraq Azərbaycanda qanunçuluğun inkişafına baza yaradan addımların atılması isə yeni, müasir və möhkəm dövlətçilik modelinin təkmil hüquqi mexanizmlərinin formalaşdırılması məqsədindən irəli gəlirdi. Azərbaycan müstəqil dövlətə çevrilmişdir və mükəmməl hüquqi bazaya söykənən idarəetmə sisteminin formalaşdırılması zəruri idi. Bu baxımdan 1993-cü ildən sonra Azərbaycanda aparılmış hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsiplərinin müəyyənləşdirilməsini, ölkədə qanunçuluğu təmin etmək üçün 1995-ci ilin 12 noyabrında Konstitusiya qəbul olundu. Respublikada əfvetmə institutunun bərpası, ölüm cəzası üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu cəzanın birdəfəlik ləğvi, insan hüquqları üzrə müvəkkil institutunun (ombudsman) yaradılması, hüquq-mühafizə, ədliyyə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması, məhkəmələrin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə test üsulu ilə seçkilərin keçirilməsi - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrildi.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının təməli ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının reallaşdırılması ilə qoyulmuşdur. Belə ki, yeni neft strategiyasının başlanğıcı sayılan «Əsrin müqaviləsi»” ilə ölkəmizin zəngin ənənələrə malik neft-qaz sənayesində misli görünməmiş yüksəliş baş vermişdir. Ötən illər ərzində dünyanın 14 dövlətinin 24 aparıcı neft şirkəti ilə aparılan birgə fəaliyyət nəticəsində neft sənayesinin infrastruktur imkanları xeyli genişləndirilmiş, Azərbaycan Respublikası dünyanın potensial neft və qaz ixrac edən ölkəsinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri neft gəlirlərindən düzgün istifadə etmək, "Holland sindromu"na imkan verməməkdən ibarət olmuşdur. "Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur" - deyən dahi öndər iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyini daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyətini dayandırmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirmişdir. Azərbaycan xalqı birmənalı şəkildə 2003-cü il prezident seçkilərində Heydər Əliyevin ideyalarını dəstəklədi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizin sosial-iqtisadi yüksəlişini təmin etməklə, beynəlxalq nüfuzunu artırmaqla ulu öndərin ideyalarını yaşadır. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafında, yüksəlişində, dövlətçilik qüdrətinin artmasında özünü büruzə verir.
Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən keçən müddət ərzində Azərbaycanın siması tamamilə kökündən dəyişib, iqtisadiyyatımız böyük inkişaf mərhələsi keçib. Neçə ildir ki, ölkəmiz dünyada yüksək inkişaf dinamikası nümayiş etdirir. Bütün bunlar bir yandan Azərbaycan vətəndaşlarının öz dövlətləri ilə qürur keçirmək hisslərini formalaşdırır, digər tərəfdən Azərbaycan vətəndaşlarının rifahının, həyat səviyyəsinin və həyat tərzinin əhəmiyyətli dərəcədə dəyişməsi üçün etibarlı əsas yaradır. Göründüyü kimi Azərbaycanın stabil, dinamik və sürətli iqtisadi inkişafı onu bütün göstəricilərinə görə regionun lider dövlətinə çevirmişdir. "Azərbaycanın xoşbəxt gələcəyi vardır" söyləyən ümümmilli lider Heydər Əliyevin bu arzusu Onun siyasi və iqtisadi kursunu uğurla və inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında reallığa çevrilməkdədir.
Azərbaycanın getdikcə artan iqtisadi nüfuzu və gücü, onun beynəlxalq aləmdəki mövqeyini ildən-ilə gücləndirir, əlaqələrini daha da genişləndirir. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı. Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyynləşdirdi. Həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə də təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və vətəninə məhəbbəti ilə Prezident İlham Əliyev ümumxalq sevgisi qazanıb.
Göründüyü kimi Azərbaycanın stabil, dinamik və sürətli iqtisadi inkişafı onu bütün göstəricilərinə görə regionun lider dövlətinə çevirmişdir. Azərbaycanın getdikcə artan iqtisadi nüfuzu və gücü, onun beynəlxalq aləmdəki mövqeyini ildən-ilə gücləndirir, əlaqələrini daha da genişləndirir. Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır. Və bu hələ son deyil, irəlidə bizi daha möhtəşəm uğurlar, daha böyük iqtisadi uğurlar gözləyir. Bu uğurların əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı isə qədirbilən xalqımızın qəlbində daim yaşayacaq.
Namiq Əhmədov,
YAP Xəzər rayon təşkilatının sədri