Şriftin ölçüsü :

Saytın rəngi :

Bizim əsas məqsədimiz insanları bu xəstəlikdən qorumaqdır

11 iyun 2020 | 16:00

 Bu gün dünyanı əhatə edən, insanları təhdid edən, sosial və iqtisadi fəsadları gündən-günə dərinləşdirən koronavirus pandemiyasıdır. COVID-19 - koronavirusların son zamanlarda aşkar edilmiş yeni növünün səbəb olduğu infeksion xəstəlikdir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır.
  Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Azərbaycanın mübarizə tədbirlərinə ilk andan başlaması Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirildi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Təhsil müəssisələrinin, bağçaların, ticarət mərkəzlərinin fəaliyyəti dayandırıldı. Ciddi karantin rejimi tətbiq olundu. Dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Təbii ki, bunda hökumətin gördüyü profilaktik tədbirlərin əhəmiyyətli rolu var.
   Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən dövlət siyasətində səhiyyə sisteminin təkmilləşdirilməsi, bu sahənin müasirləşdirilməsi və inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi mühüm yerlərdən birini tutur. Ümumiyyətlə, Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi gözlənilməz, fors-major hadisələri də nəzərə alır və bu səbəbdən dünyanı qorxudan epidemiyalara qarşı ölkədə ciddi qabaqlayıcı tədbirlər görülür. Ölkəmizdə son dövrlərdə çox sayda yeni tibb ocağı inşa edilib, mövcud xəstəxana və tibb mərkəzləri, əlillər üçün reabilitasiya mərkəzləri əsaslı şəkildə bərpa olunub. Bu müəssisələr ən müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bütün bunlarla yanaşı, tibbi heyətin peşəkarlığının artırılmasına da dövlət səviyyəsində xüsusi diqqət göstərilib.
    Cənab İlham Əliyevin 18 mart 2020-ci il tarixli “Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı da bu tərkibdəndir. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan həmin sənədə əsasən, işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə edildi.
     Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır, xəstəliyi aşkar etmək üçün testlərin ölkəyə gətirilməsi ilə bağlı müvafiq işlər aparılır. Bir sözlə, Azərbaycanda əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur. Onu da qeyd edək ki, karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmamış və müayinə başa çatdıqdan sonra onlar gündəlik həyata qayıda biləcəklər.
    Eyni zamanda, müasir tibb ocaqlarının yaradılması mühüm yerlərdən birini tutur. “Yeni klinika” tibb müəssisəsinin yaradılması və burada ən müasir tibbi avadanlığın quraşdırılması bunu bir daha təsdiq edir.
Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Ölkə başçısının tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olub.
    Təsadüfi deyil ki, COVID-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir.  Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Hazırda ölkə ərazisində, ümumilikdə, modul tipli 4 xəstəxana kompleksi quraşdırılmış və istifadəyə verilmişdir. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi koronavirus pandemiyasının iqtisadiyyata, makroiqtisadi sabitliyə, əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılmasına, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində, iqtisadiyyatın stimullaşdırılmasına kömək olaraq mühüm işlər aparır. Nazirlik tərəfindən COVİD-19 iş yerlərində profilaktik tədbirlər planı hazırlamışdır. Eyni zamanda,Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və və telefon rabitəsi vasitəsilə 142 Çağrı mərkəzinin fəaliyəti gücləndirilmişdir. İşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara verilmişdir.
   Xəzər rayonunda vətəndaşların sağlamlığının qorunması məqsədilə koronavirus (COVID-19) infeksiyasına qarşı təxirəsalınmaz qabaqlayıcı tədbirlər davam etdirilir. Görülən dezinfeksiya tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə mərkəzi küçə və prospektlər mütəmadi olaraq dezinfeksiya olunur.
   Bu gün ölkəmizdə vətəndaş-dövlət birliyi fonunda koronavirus bəlasından az itki ilə çıxmaq üçün zəruri olan addımlar atılır və beynəlxalq səviyyədə təqdir edilir. Təbii ki, bu mübarizədə çoxminli həkim ordusunun üzərinə böyük məsuliyyət düşür. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər öz ifadəsini tapır.
  “Eşq olsun Azərbaycan həkimlərinə”, “Evdə qalaq həkimlərə dəstək olaq” kimi çağırışların yer aldığı həmin təqdimatlardan hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçirir. Əminlik yaranır ki, dövlətimizin dəstəyi ilə həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsi, həkim heyətinin səyləri nəticəsində koronavirus pandemiyasına qarşı mübarizədə qalib olacaq və bu sınaqdan xalqımız az itki ilə çıxacaq.

  Jalə HƏSƏNOVA
  Əmək və Əhalinin Sosial və Müdafiə Nazirliyinin yanında
  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin
  Əlliliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatının direktoru-
baş həkim
 

 

 

Keçidlər