İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının on üçüncü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın davamı olan 2011-2013-cü illəri əhatə edən Dövlət Proqramı bir çox sahələrlə yanaşı, paytaxtda yol infrastrukturunun müasirləşdirilməsini də əhatə edir. İndi Bakı və ətraf qəsəbələrin yolları ən müasir səviyyədə yenidən qurulur, yeni yol qovşaqları inşa edilir. Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun müasir tələblər səviyyəsində inşası bunu aydın nümayiş etdirir.
Ümumi uzunluğu 12,5 kilometr olan yol ən müasir səviyyədə inşa edilmişdir. Yol boyu geniş abadlıq işləri aparılmış, müasir yol nişanları qoyulmuşdur. Magistral yol boyu müasir işıqlandırma sistemi yaradılmış, yaşıllaşdırma işləri görülmüşdür. Yeni yol Bakı şəhərinin Türkan, Zirə, Gürgən, Pirallahı, Dübəndi, Qala, Şüvəlan və Mərdəkan qəsəbələrinin nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal hərəkətinə şərait yaradacaqdır. Magistral boyu yol qovşaqları, avtomobil keçidi tikilmiş, suötürücü dəmir-beton borular quraşdırılmışdır.
Sonra dövlətimizin başçısı Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomagistralının 13-cü kilometrliyindən Qala qəsəbəsinə gedən yolun rəmzi açılışını bildirən lenti kəsdi.