Xəzər rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir.
28 iyun 2013-cü il tarixdə Xəzər rayonu Şüvəlan Mədəniyyət evində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Xəzər RİH Başçısının birinci müavini Ə.Heydərov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Z.Qasımov, İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri S.Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Ş.Abdullayevlə yanaşı İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları və Xəzər Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri iştirak etmişdir.
200 nəfərin iştirak etdiyi tədbir İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişi ilə başlanmışdır. Daha sonra tədbir Xəzər RİH Başçısının birinci müavini Ə.Heydərovun giriş nitqi ilə davam etdirilmişdir.
Çıxışdan sonra İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış Güzəştli kreditlərin verilməsi mexanizminə , kreditin alınması üçün tələb olunan sənədlərə, elektron qeydiyyat sistemi və onun üstünlüklərinə dair və Kiçik həcmli istixana və zəfərançılıq təsərüffatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir.
Daha sonra İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən Respublikada sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi tədbirləri, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Bakı şəhərini və onun qəsəbələrini əhatə edən tədbirlər və bu tədbirlərin icrası və Sahibkarlığa Kömək Milli Fondunun iştirakı ilə kredit müqavilələrinin imzalanması və güzəştli kreditlərin verilməsi mövzularında çıxışlar olmuşdur.
Tədbirin sonunda vətəndaşların şikayət və təklifləri dinlənilmişdir.