“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Xəzər rayonunda tədbir keçirilib
Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 07 mart 2024-cü il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatınının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar, şəhid ailələrinin xanım üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Namiq Əhmədov iştirakçıları salamlayaraq, “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə şəhid anaları başda olmaqla bütün qadınları təbrik edib. Vətən Müharibəsindən danışaraq, gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyi nəticəsində vətənpərvər ruhda tərbiyə olunan və Azərbaycan Ordusunun sıralarında xidmət edən rəşadətli hərbi qulluqçularımız ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşərək cəmi 44 gün ərzində düşməni məhv edib, doğma torpaqlarımızı düşmən tapdağından azad etdini qeyd edib.
Daha sonra RİH başçısı Elşən Salahov tədbir iştirakçılarını salamlayaraq bu gözəl gün münasibəti ilə şəhid anaları başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik edib. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı, həmçinin qadınların aktiv fəaliyyəti naminə yaradılmış real imkanlar nəticəsində müstəqil Azərbaycanın bugünkü ictimai-siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğrultduqlarını vurğulayıb. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində qadınların əvəzsiz rolundan danışan E.Salahov, Vətən Müharibəsi dövründə gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyinin danılmaz olduğunu vurğulamışdır.
Tədbirdə iştirak edən digər qonaqlarda çıxışlarında ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən danışaraq, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadıqlarını qeyd ediblər.
Şəhid ailələri adından çıxış edən şəhid anaları Məleykə Məcidova və İbahimova Aidə vətənin keşiyində cəsarətlə dayanıb, düşməni döyüş meydanında ağır məğlubiyyətə uğradan və adlarını tarixin şanlı səhifələrinə yazdıran igid oğullar yetişdirdiklərinə görə böyük qürur hissi keçirdiklərini diqqətə çatdıraraq, dövlətimiz tərəfindən onlara göstərilən xüsusi diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Sonda rayonun ictimai həyatında fəal iştirakına və əmək fəaliyyətində əldə edilmiş nailiyyətlərə görə “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə bir qrup qadın Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının Təşəkkürnamələri ilə təltif edilib, onlara gül dəstələri və bayram hədiyyələri təqdim olunub.