“8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirilib
“8 mart – Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
07 mart 2023-cü il tarixində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Jalə Əhmədova, YAP Xəzər rayon təşkilatınının sədri Namiq Əhmədov, Xəzər Rayon Məhkəməsinin sədri Şeyda Məhərrəmova, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallığı ilə seçilən xanımlar, şəhid ailələrinin xanım üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Namiq Əhmədov iştirakçıları salamlayaraq, “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə şəhid anaları başda olmaqla bütün qadınları təbrik edib. Vətən Müharibəsindən danışaraq, gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyi nəticəsində vətənpərvər ruhda tərbiyə olunan və Azərbaycan Ordusunun sıralarında xidmət edən rəşadətli hərbi qulluqçularımız ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşərək cəmi 44 gün ərzində düşməni məhv edib, doğma torpaqlarımızı düşmən tapdağından azad etdini qeyd edib.
Çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə şəhid anaları başda olmaqla bütün Azərbaycan qadınlarını təbrik edib. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı, həmçinin qadınların aktiv fəaliyyəti naminə yaradılmış real imkanlar nəticəsində müstəqil Azərbaycanın bugünkü ictimai-siyasi həyatında qadınlarımızın əvəzolunmaz yerinin olduğunu, onların ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında öndə gedərək göstərilən etimadı layiqincə doğrultduqlarını vurğulayıb.
Tədbirdə iştirak edən Jalə Əhmədova, Şeyda Məhərrəmova və digərləri çıxışlarında ölkəmizdə gender siyasətinin gücləndirilməsi, cəmiyyətdə rolunun yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən danışaraq, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınlarının öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynadıqlarını qeyd ediblər.
Şəhid ailələri adından çıxış edən şəhid anası Məleykə Məcidova Vətənin keşiyində cəsarətlə dayanıb, düşməni döyüş meydanında ağır məğlubiyyətə uğradan və adlarını tarixin şanlı səhifələrinə yazdıran igid oğullar yetişdirdiklərinə görə böyük qürur hissi keçirdiklərini diqqətə çatdıraraq, dövlətimiz tərəfindən onlara göstərilən xüsusi diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Sonda rayonun ictimai həyatında fəal iştirakına və əmək fəaliyyətində əldə edilmiş nailiyyətlərə görə “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə bir qrup tədbir iştirakçısı Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edilib, gül dəstələri və bayram hədiyyələri təqdim olunub.