Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirilib
13 noyabr 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə sakinləri ilə növbəti səyyar qəbul - görüşü keçirilib.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov və digər məsul əməkdaşlar, rayon İcra Hakimiyyəti başçının müavinləri, şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə xəzər RİH başçısı Elşən Salahov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq mütəmadi olaraq yerlərdə səyyar görüşlərin keçirildiyini və yerli problemlərin həlli istiqamətində tədbirlər görüldüyünü vurğulayıb.
Səyyar görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov çıxışında, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini diqqətə çatdıraraq, bu cür qəbullar əhalinin qayğı və problemlərinin öyrənilməsinə və operativ həllinə imkan verdiyini bildirib.
Dialoq şəklində keçən görüşdə İcra başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlarla yanaşı, Bakı şəhəri və ətraf qəsəbələrin də inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Xəzər rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb və qəbulda iştirak edən sakinlərin problemlərini dinləyib.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər Xəzər rayonunda, xüsusilə Türkan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.