"Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Gəncə şəhərinə yola salındılar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi bu ildə 13 noyabr 2019 -cu il tarixdə "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində Xəzər rayon məktəbliləri Gəncə şəhərinə yola salındılar. Yola salınma mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH Başçısının müavini Vüqar Novruzov, RİH Başçısı Aparatının əməkdaşları, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Xəzər rayon komitəsinin sədri, rayon Gənclər və İdman İdarəsinin rəisi, məktəb direktorları və valideynlər iştirak etdilər.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı və digər natiqlər çıxış edərək şagirdlərə tövsiyələr vermiş onlara uğurlu yol, maraqlı səyahət keçirmələrini arzulamışdır. Həmçinin belə tur-aksiyaların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını, şagirdlərin səfər etdikləri bölgələrdə muzeylərini və digər görməli yerləri ziyarət etməklə dünya görüşlərinin artırılmasında mühüm əhəmiyyət daşıdığını bildirdilər.
Tur-aksiya çərçivəsində şagirdlər Gəncə, Şəmkir, Göygöl şəhərlərinin tarixi abidələrini, görməli yerlərini və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq şansı eldə etməklə yanaşı, “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək intellektual-əyləncəli oyunlarda və yarışlarda rayonumuzu təmsil edəcəklər.
Sonda şagirdlər onlar üçün ayrılmış rahat avtobusla Gəncə şəhərinə yola düşüblər.