Xəzər rayonunda "Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz" mövzusunda konfrans keçirilib
Oktyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaq və yeniyetmələrin mənəvi inkişafı və dini dəyərlərimiz” mövzusunda konfrans keçirilib.
Xəzər rayonu üzrə məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, eləcə də gənclər və ziyalıların iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Novruzov konfransın keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, böyüməkdə olan nəslin mənəviyyatca zəngin, ideyaca mətin, yüksək əxlaqlı şəxsiyyət kimi formalaşmasında milli-mənəvi və dini dəyərlərimiz mühüm əhəmiyyət kəsb edir, dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. RİH rəsmisi bildirib ki, dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Bu özünəməxsusluğun və ideyaların qorunub saxlanılması, gələcək nəsillərə aşınmaya, dəyişikliyə məruz qalmadan ötürülməsi bizim üzərimizə düşən ümdə vəzifələrdəndir. Xüsusilə uşaq və yeniyetmələrin tərbiyəsində, mənəvi aləmlərinin zənginləşməsində milli ideologiyamızın, dilimizin, dinimizin təbliğ və təşviq edilməsinin önəmini vurğulayan Vüqar Novruzov bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin də vacibliyinə diqqət çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “Uşaq və yeniyetmələrin mənəvi inkişafında milli-mənəvi dəyərlərin yeri və rolu” mövzusunda çıxış edərək bildirib ki, milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol göstərəni və bələdçisidir. Milli-mənəvi dəyərlərin qorunmasında Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin rolundan, hazırda Prezident İlham Əliyev tərəfindən milli, dini, ideoloji dəyərlərimizə göstərilən dövlət qayğısından bəhs edən Komitə rəsmisi bu siyasətin kökündə xalqımızın mənəvi sərvətlərinin gələcək nəslin tərbiyəsində əsas götürülməsinin vacibliyindən danışıb. O qeyd edib ki, müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq kontekstində tərbiyə edilən uşaq sağlam gələcək deməkdir. Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, Azərbaycanın dövlət rəmzləri milli-mənəvi dəyərlərimizin uşaqlara aşılanmasında müstəsna əhəmiyyət kəsb edir.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev “Müasir dövrdə uşaqlarla tərbiyə işinin əsas istiqamətləri” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideyasına tabedir. Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaşması kompleks halda, vəhdətdə baş verir. Xalqımızın uzun əsrlərdən bəri yaradıb formalaşdırdığı və nəsillərə ərməğan etdiyi milli-mənəvi dəyərlər - ailə namusu və etikası, soykökünə və torpağa bağlılıq, “Vətən sevgisi imandandır” ideyasına sadiqlik, böyük-kiçiyə hörmət və ehtiram, sözübütövlük, mərdlik, ədalətlilik və sair bu kimi keyfiyyətlər, sözün əsl mənasında, mənəvi sərvətdir. Həmin sərvəti qorumaq, mühafizə etmək və hər kəsin həyat idealına çevirmək vətəndaşlıq borcudur və bu iş məhz uşağın erkən yaş dövründən, məktəbə qədəm basdığı andan başlanmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin baş məsləhətçisi Güney Namazova “Şəxsiyyətin formalaşmasında təhsil, din və dəyərlər üçlüyü” mövzusunda təqdimatla çıxış edərək, yeniyetmələrin tərbiyəsində Vətənə, dövlətçiliyə, dövlət rəmzlərinə, ilk növbədə, Azərbaycanın Himninə və Bayrağına, milli-mənəvi dəyərlərə hörmət və sadiqlik, ekstremist və düşmən qüvvələrə isə barışmazlıq ruhunun təlqin etməyin vacibliyindən danışıb.
Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxışında gələcək nəslin formalaşmasında milli-mənəvi dəyərlərin roluna toxunub. Bildirib ki, gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi aşılanmalıdır. T.Səlimov uşaq və yeniyetmələrin layiqli vətəndaş kimi formalaşması yollarının ölkəmizdə baş verən ictimai-siyasi, sosial hadisələrə, əldə olunan nailiyyətlərə obyektiv münasibətin yaradılması, milli özünüdərk və milli iftixar hissinin, milli düşüncə və milli təfəkkürün formalaşdırılması, milli-mənəvi dəyərlərin, o cümlədən İslam dəyərlərinin, sağlam həyat tərzinin üstün tutulması, ümumbəşəri və multikultural dəyərlərə hörmət aşılanması olduğunu qeyd edib.
DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Ailə dəyərləri" sənədli filminin də nümayiş olunduğu konfrans işini müzakirələrlə yekunlaşdırıb.