Xəzər Rayonu qəsəbələri ilə online müşavirə keçirmişdir.
29 may 2013-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov rayonun qəsəbələri ilə online müşavirə keçirmişdir.
Müşavirədə rayonun idarə-müəssisə rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişdir.
Keçirilmiş online müşavirədə Binə, Qala,Mərdəkan, Şüvəlan, Buzovna, Zirə, Türkan, Gürgən, Şağan qəsəbələrindən 50-dən çox sakin iştirak etmiş, birbaşa yerlərdən Başçıya müraciət etmişlər.
Vətəndaşlar ilk öncə qəsəbələrdə görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, sonra onları narahat edən problemlərlə bağlı başçıya müraciət etmişlər. Vətəndaşları ən çox narahat edən problemlər içərisində qəsəbələrin abadlaşdırılması, qəsəbədaxili yolların təmiri, istismar müddətini başa vurmuş su-kanalizasiya xətlərinin dəyişdirilməsi, yeni yaşayış massivlərinin qaz, işıq və su problemlərinin həll edilməsi istiqamətində olmuşdur. Online müşavirə zamanı rayon sakinlərini dinləyən başçı qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə problemlərin həlli üçün qısa müddətdə tədbirlər görülməsi, RİH aparatının müvafiq şöbələrinə bu işlərin nəzarətdə saxlanılmasını tapşırmışdır.
Qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığı və görüləcək işlər barədə məlumat verilmişdir.