Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xəzər rayonunun Buzovna qəsəbəsində növbəti ictimai çimərlik yaradılaraq vətəndaşların istifadəsinə verilib

15 avqust 2019 | 16:00

   Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılması istiqamətində işlər davam etdirilir. Paytaxt sakinləri və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılır.
  Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Səbail rayonunda “Şıx” çimərlik ərazisində yaradılan çimərlikdən sonra artıq Buzovna və Görədil qəsəbələrində də növbəti çimərliklər yaradılaraq vətəndaşların istifadəsinə verilib. Əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəlik, soyunub-geyinmə kabinələri, duş, sanitariya qovşaqları, istirahətə gələn vətəndaşların nahar etmələri üçün söhbətgahlar quraşdırılıb, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilmiş, avtomobil dayanacağı yaradılıb və asfaltlaşdırılıb.
Vətəndaşların istirahətlərinin təşkili üçün çimərliklərin ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazı boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb.
   Yaxın günlərdə daha 4 qəsəbədə də yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub.
   Yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək.

 

Keçidlər