Dövlət Miqrasiya Xidmətində yerli icra hakimiyyətlərinin aidiyyəti şəxslərinin iştirakı ilə tədbir keçirilib
Dövlət Miqrasiya Xidmətində vətəndaşsızlıq və qanunsuz miqrasiya sahəsində məlumatlılığının artırılması, həmçinin gələcəkdə bu sahədə əməkdaşlığın daha səmərəli və çevik olmasının təmin etmək məqsədilə yerli icra hakimiyyətlərinin aidiyyəti şəxslərinin iştirakı ilə tədbir keçirilib.
https://migration.gov.az/press/news_content/13472
Tədbiri giriş sözü ilə açan DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü və humanitar siyasət barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, ölkə ərazisində vətəndaşsızlıq vəziyyətində yaşayan şəxslərin naturalizasiyasını asanlaşdırmaq məqsədilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna dəyişikliklər edilib. O cümlədən BMT QAK-ın “10 ilə vətəndaşsızlığa son” kompaniyası çərçivəsində qəbul etdiyi “Qlobal fəaliyyət planı”na qoşulub. R. Talıbov deyib ki, Dövlət Miqrasiya Xidməti vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsində İcra Hakimiyyətləri ilə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Respublikanın müxtəlif regionlarında məskunlaşmış bu kateqoriyadan olan şəxslərin aşkarlanması və sənədləşdirilməsi istiqamətində DMX-nin regional idarələrinin yerli icra hakimiyyətləri ilə birgə əməkdaşlığının vacibliyinə toxunan Baş idarə rəisi həmin şəxslərin ölkə ərazisində yaşamalarının leqallaşdırılması istiqamətində DMX tərəfindən qanunvericiliyə uyğun olaraq lazımi tədbirlər görüldüyünü bildirib.
Belə ki, 2016-2018-ci illərdə Xidmətin regional miqrasiya idarələrinin xidməti ərazilərində görüşlər keçirilib, ümumilikdə 389 nəfər qəbul edilib. Həmin şəxslərdən 194-nün leqallaşdırılması istiqamətində işlər görülüb.
Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilmiş uğurlu və məqsədyönlü fəaliyyətin nəticəsi olaraq, ötən 11 ildə 1619 vətəndaşlığı olmayan şəxs dövlət başçısının müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. 51 vətəndaşlığı olmayan şəxsin ölkə vətəndaşlığı bərpa edilib.
Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin Hüquq şöbəsinin müdir müavini Samirə Allahverdiyeva, DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin, Miqrasiya proseslərinin tənzimlənməsi baş idarəsinin, Miqrasiya nəzarəti baş idarəsinin əməkdaşları çıxış edərək ölkəmizdə vətəndaşsızlıq və qanunsuz miqrasiya sahəsində məlumatlılığının artırılması sahəsində həyata keçirilən tədbirlər, çətinliklər və qarşıda duran məsələlər haqqında ətraflı məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.