Xəzər rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd olunub
24 iyun 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirildi.
Tədbiri Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov açaraq dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, Respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirir. Bu islahatlardan məqsəd çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması, bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş "Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunu"nun dövlət qulluqçularının səmərəli fəaliyyəti üçün geniş imkanlar açdığını vurğulayan E.Qurbanov Xəzər rayonunda çalışan dövlət qulluqçularının da sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində dövlət siyasətinin uğurla həyata keçirilməsində səylə çalışdıqlarını diqqətə çatdırdı. Həmçinin bildirdi ki, ölkəmizdə dövlət qulluqçularının iş və maddi-məişət şəraitinin yaxşılaşmasına, təhsilinin artırılmasına və iş təcrübəsinin təkmilləşdirilməsinə müntəzəm olaraq qayğı göstərilir, çalışdıqları sahədə fərqlənən dövlət qulluqçularının əməyinin qiymətləndirilməsinə Azərbaycan Prezidenti tərəfindən daim diqqət yetirilir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, RİH Başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri Təvəkkül Səlimov və İlqar Müqbilov çıxış edərək bildirdilər ki, cənab Prezidentin müvafiq Sərəncamı ilə təsis olunmuş bu peşə bayramı ölkə rəhbərinin dövlət qulluqçularına qayğı və diqqətinin, onların şərəfli və çətin əməyinə verdiyi qiymətin yüksək təzahürüdür.
Sonda Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Xəzər Rayon İcra Hakimiyyəti başçısı aparatının bir qrup əməkdaşları rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən Fəxri Fərmanlarla təltif olundular.