Xəzər Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilmişdir
13 fevral 2019-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdirləri, Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin direktoru Elşən Qurbanov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Xəzər rayon filialının sədri Səfa Əliyev və 40 şəhid ailəsi iştirak etmişdir. Görüşün əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Milli Məclisin deputatı R.Əliyev çıxış edərək bildirib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinin nümayəndələri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısına minnətdarlıq edib, bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər. Şəhid ailələrinin problem və qayğıları ilə bağlı RİH Başçısı tərəfindən RİH-nin şöbələrinə müvafiq tapşırıqlar verilmişdir. Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin üzvlərinə humanitar yardım göstərilmişdir.