Xəzər rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
17 sentyabr 2018-ci il tarixində Xəzər rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Respublikası Prezidentinin yanında “Bilik Fondunun” icraçı direktoru Oktay Səmədov, rayonda fəaliyyət göstərən dini icmaların üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov rayonda dini durum haqqında mövcud vəziyyət barədə məlumat verərək respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb. Sonra o Məhərrəm ayı və Aşura tədbirləri haqqında danışaraq mərasimlərin məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcəyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Dövlət Komitəsinin apardığı maarifləndirmə işi, qabaqlayıcı tədbirlər, Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və digər qurumlarla birgə səmərəli fəaliyyət barədə danışıb. Qeyd edib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar. Eyni zamanda, Məhərrəm ayı və Aşura tədbirləri haqqında danışan Mübariz Qurbanlı bildirdi ki, mərasimlər məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçirilməlidir.
Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək dinə dövlət qayğısından, dövlət-din münasibətlərindən danışıb. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da dövlət daim dini sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub insanların istifadəsinə verilir. Qeyd edib ki, bu gün dünyanın hər yerində Azərbaycanda dinlə dövlətin birgə fəaliyyəti nümunə kimi göstərilir. Daha sonar Rauf Əliyev dini radikalizim və onun müasir dövürdə yaratdığı təhlükələrdən danışaraq bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Rauf Əliyev Məhərrəm ayı və Aşura tədbirləri haqqında da danışıb. Bildirib ki, mərasimlərdə heç bir halda xurafata yol vermək olmaz.
Buzovna qəsəbə məscidinin axundu Haci Soltan Əlizadə, Şüvəlan qəsəbə məscidinin axundu Hacı Şünası Məmmədyarov və digərləri çıxışlarında xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətindən danışıblar.
Çıxış edənlər ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq, belə tədbirlərin təkcə dövlət-din münasibətlərinin inkişafına, dindarların maarifləndirilməsinə deyil, həmçinin ölkə dindarlarının dövlətə etimadının daha da artmasına xidmət etdiyini vurğulayıblar.
Müzakirələr zamanı Məhərrəm ayında keçirilən dini mərasimlərin, o cümlədən “Aşura” mərasiminin icrası zamanı qanunvericiliyin tələblərinə və Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında qeyd olunan tövsiyələrə əməl olunmasının vacibliyi vurğulanıb.