Ətraf mühitin mühafizəsi ilə əlaqədar Xəzər rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi.
14 avqust 2018-ci il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xəzər Rayon İcra Hakimiyyətində “İctimai iaşə obyektlərində ətraf mühitin mühafizəsi vəziyyəti” mövzusunda rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi.
Görüşdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov, RİH başçısı aparatının əməkdaşları, rayonda fəaliyyət göstərən sahibkarlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirdi. V.Həsənov rayon ərazisində fəaliyyət göstərən sahibkarlardan atmosferin çirkləndirilməməsi, qanunvericilik aktlarının pozulmaması, insanların sağlamlığına zərər verən halların yaşanmaması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini vurğuladı.
Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev çıxış edərək ekoloji problemlərin həlli məqsədilə aidiyyəti qurumlar tərəfindən tədbirlərin həyata keçirildiyini söyləyiblər. Eyni zamanda, natiqlər bir çox şadlıq evləri, restoranlar və ictimai iaşə obyektlərinin fəaliyyəti nəticəsində insanların müəyyən hüquqlarının pozulduğunu, onların sağlamlığına zərər verən hallar yaşandığını qeyd ediblər. Belə hallardan olan obyektlər tərəfindən atmosferə atılan tüstü axınına görə dövlət qurumlarının obyekt sahiblərinə müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlıq edildiyini bildiriblər və yaxın günlərdə xəbərdarlığa əməl etməyən və yenə də atmosferi çirkləndirən restoran və şadlıq sarayları barəsində qəti tədbirlərin görülməsinə və sanksiyaların tətbiqinə başlanılacağını diqqətə çatdırıblar. Həmçinin qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyini, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə cərimələrin nəzərdə tutulduğunu qeyd etdilər.