Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 100 illiyi qeyd olunmuşdur

31 mart 2018 | 16:00

  31 mart 2018-ci il tarixində Xəzər Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən 123 nömrəli orta məktəbdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nün 100 cu il dönümünə həsr olunmuş rayon tədbiri keçirildi.
  Tədbirdə Millət Vəkili Rauf Əliyev, RİH başçısının müavinləri və şöbə müdirləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının, Rayon Ziyalılar Cəmiyyətinin sədrləri, RİH Başçısının qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, 123 nömrəli orta məktəbin müəllim və şagirdləri, eləcə də rayon ictimaiyyəti iştirak etdilər.
       Tədbiri Xəzər rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vaqif Həsənov açaraq hər il mart ayının 31 də ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edildiyini və Respublikamızın hər yerində olduğu kimi, Xəzər rayonunda da “31 mart     Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş  bir neçə silsilə tədbirlər keçirildiyini, erməni şovinistləri tərəfindən Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atdıqlarını, bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə     Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra  Mart hadisələrinin 80-ci ildönümündə -       1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olduğunu vurğuladı.
    Tədbirdə həmçinin çıxış edən Millət Vəkili Rauf Əliyev Azərbaycan həqiqətlərinin, eləcə də ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən, bu məsələdə dövlətin davamlı dəstəyindən danışdı.
Daha sonra Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxış edərək qeyd etmişdir ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri azərbaycanlılardan təmizləmək məqsədilə daşnak erməni silahlı dəstələri mənfur planlarını həyata keçirmişlər. Minlərlə dinc əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir.     Ermənilər Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqlar etmiş, evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edilmişdir. 1918-ci ilin mart-aprel aylarında  erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insan torpaqlarından qovulmuşdur.
     Natiqlər çıxışlarının sonunda  bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini vurğulamış və dövlətimizin soyqırımla bağlı tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fəaliyyətini yüksək qiymətləndirmişlər.
     Çıxışlardan sonra  123 nömrəli orta məktəbin şagirdləri  tərəfindən hazırlanmış şerlər oxunmuş, tədbir iştirakçıları məktəbin ərazisində yerləşən 1918-ci ildə Bakıda Ermənilər tərəfindən törədilən Azərbaycanlıların soyqırımının qarşısını almaq üçün köməyə gələn türk ordusunun şəhid olmuş iki əsgərinin xatirəsinə ucaldılmiş abidənin önünə gül dəstələri düzərək əsgərlərin ruhuna öz ehtiramlarını bildirdilər.

Keçidlər