Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Xəzər rayonunda növbəti tibbi müayinə aksiyasına başlanılmış və uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq 2018-ci il fevral ayının 12-dən başlayaraq respublikamızın bütün bölgələrində olduğu kimi Xəzər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmış və uğurla davam etdirilir.
Bununla əlaqədar olaraq rayon üzrə fəaliyyət göstərən səhiyyə ocaqların rəhbərləri Xəzər rayon İcra Hakimiyyətinə dəvət olunaraq onlara bu vacib aksiyanın günün tələbləri səviyyəsində aparılması tapşırıqları verilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayon ərazisində fəaliyyət göstərən 6 poliklinikada aparılan əhalinin pulsuz tibbi müayinəsi 12 fevral tarixindən başlayaraq uğurla həyata keçirilir. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları təşkil olunmuşdur. Rayonun səhiyyə müəssisələrinin tibb işçiləri bu nəcib aksiyanın yüksək səviyyədə həyata keçirilməsinə cəlb olunub.
Xəzər rayon sakinləri onların sağlamlığına göstərilən qayğıya görə ölkə prezidentinə minnətdarlıqlarını bildirmişdilər.
Ümumilikdə tibbi müayinə zamanı Xəzər rayonunun 165134 nəfər əhalisindən 18 yaşdan yuxarı olan 122593 nəfərinin müayinədən keçirilməsi nəzərdə tutulur.