Xəzər rayonunda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub
13 dekabr 2017-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Mərdəkan qəsəbəsindəki 181 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, qəsəbə bələdiyyəsinin sədri Mirbaba Hüseynov, RİH başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İlqar Mubilov, məktəbin direktoru Nazilə Məmmədova, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nazilə Məmmədova mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında Azərbaycanda mövcud olan tolerantlıq mühitindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanlar dini ibadətlərini sərbəst həyata keçirirlər. Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətinə toxunan şöbə müdirinin sözlərinə görə, Azərbaycanın İslam həmrəyliyinə verdiyi dəstək birgəyaşayış həyat fəlsəfəmizə əsaslanır. Ə.Zülfüqarov onu da vurğulayıb ki, respublikamız bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq və qarşılıqlı hörmət əsasında qurur.
Yaxın Şərq regionunda baş verən münaqişələrdən də danışan Ə.Zülfüqarov bildirib ki, dünyadakı bəzi dairələr tərəfindən İslamın terrorçu din kimi təqdim edilməsi anti-islam düşüncəsinin formalaşmasına, eləcə də islamofobiyanın yaranmasına səbəb olur. Qeyd edib ki, əslində İslam sülh, əmin-amanlıq dinidir.
Məktəblilərə tövsiyələrini də verən DQİDK-nın şöbə müdiri bildirib ki, gənclər dini bilgilərini düzgün mənbədən almalı, milli-mənəvi dəyərlərimizi, eləcə də dini dəyərlərimizi qorumalıdırlar.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, qəsəbə bələdiyyəsinin sədri Mirbaba Hüseynov, RİH başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəsi İlqar Mubilov qeyd ediblər ki, Azərbaycan multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi ilə tanınır. Vurğulanıb ki, respublikamızdakı bütün xalqların və dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq dekabrın 14-də Binə qəsəbəsindəki 117 saylı tam orta məktəbdə keçirilib.
Keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri Anar Nəsirov, Vəli Vəliyulla, Binə bələdiyyəsinin sədr müavini Firdovsi Əliyev, RİH başçısının qəsəbə üzrə nümayəndəsinin birinci müavini Ərəstun Mahmudov, məktəbin direktoru Elvin Səlimov, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
]